Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, nazirliyin və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf Könüllüləri iştirak ediblər.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə