Abşeron rayonunda şəhidlərimiz anım günlərində yad edilib - FOTOLAR

Şanlı qələbə qazandığımız Vətən müharibəsindən sonra 2022-ci il sentyabrın 13-14-də düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimizin, o cümlədən 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror əməliyyatları zamanı canlarını Vətən üçün fəda edən qəhrəmanlarımızın Abşeron rayonunda anım mərasimləri keçirilib. SİA xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Nicat Qarazadənin, Nəzər Əzizovun, Azər Məmmədovun, Firuz Əhmədovun, Hüseyn Nəcəfzadənin və antiterror əməliyyatları zamanı şəhid olmuş Murad Arzullayevin, Vüqar Eyvazovun, Qiyas Manafovun və Ramil Rəhimovun ailə üzvləri ilə birgə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb, rayon icra hakimiyyəti tərəfindən şəhidlərimizin ruhlarına ehsan süfrələri açılıb.

Şəhid ailələri ilə görüşdə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı Qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə xalqımızın 30 illik Vətən həsrətinə son qoyulub. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanımızın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən rayon icra hakimiyyəti başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə sürətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.

Şəhid ailələri də öz növbələrində çıxış edərək bildiriblər ki, hər il sentyabrın 20-nin respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın imzalanması Vətən üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza növbəti etiramdır. Şəhid ailələrinə daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən ailələr, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə