“Ümumiyyətlə istehsalçılar və satıcılar malın sonsuz uzunömürlü olmasını istəyirlər. Lakin onların bu istəyinin qarşısını alan standartlar, dünyanın istehlakçı təşkilatı var. Daim buna qarşı mübarizə aparılır. Məsələn, illər ərzində məni dəfələrlə müəyyən mal istehsalçıları çağırıblar ki, gəlin, bir protokol imzalayaq. Əlbəttə pul təklif ediblər ki, pul naminə protokol imzalayaq ki, bu malın ömrü uzadılsın. Mən bir dəfə də burada iştirak etməmişəm. Lakin bir türk aliminin bir sözü var, deyir ki, bütün dünya istehlakçılarının aldatmaq üçün 20 nəfər pula satılmış professoru dünyada tapmaq kifayətdir. Lakin bəzi adamlar guya qida mütəxəssisləri filan yığılıb, elə qərarlar qəbul ediblər. AİB həmin malları boykot edib. Bu illər öncə olubdur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Çörəklərin ümumiyyətlə saxlama müddəti orta hesabla 72 saatdan artıq deyil. 72 saatdan az vaxtda xarab olan çörəklər bizi qayğılandırır. Artıq qalanda xarab olmayan çörək də bizi qayğılandırır. Çünki artıq qaldıqda xarab olmayan çörək artıq kimyalaşmış çörəkdir. Tez xarab olan çörək isə artıq bakteriyalarla doludur.
Tez xarab olan çörəyin içərisində yapışqanlar əmələ gəlir. Bu o deməkdir ki, çörək kartof xəstəliyi ilə xəstələnibdir və daha bunu yemək olmaz. Bu da mədə-bağırsaq xəstəlikləri əmələ gətirə bilər. Əlbəttə, mağazada satılan çörəyə bir gün sonranın tarixi vurulması bu istehsalçının və satıcının istehlakçını aldatmaq istəyidir. Bir gün fərqlə zəhərlənmə olmaz. Lakin artıq bu istehlakçının aldadılması və çörəyin keyfiyyətdən düşməsinin göstəricisi ola bilər.
Əslində belə çörək satılmamalıdır və bunun qarşısı alınmalıdır. Biz illər boyu malların üzərinə 30 fevral 59 mart yazılmasını da görmüşük. Yəni malların üzərinə bəzən səhv edib belə yazılar da yazırlar, bəzən də şüurlu şüursuz surətdə bunu yazırlar. Bu yolverilməzdir. Belə olan halda istehlakçılar AQTA-nın 1003 telefon xətti ilə məlumat verməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə