Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən “BİRLİK” regional festivallar seriyası uğurla yekunlaşıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, NAYORA-dan verilən məlumata görə, “BİRLİK” festivalları Sabirabad, Mingəçevir, Quba, Gəncə və Ağstafa şəhərlərində keçirilib və ümumilikdə 5 mindən çox gənc milli dəyərlər ətrafında bir araya gəliblər.
Festival çərçivəsində hər bir regionda tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra gənclər təşkilatlarının nümayəndələri qurulan stendlərdə öz təşkilatları və həyata keçirdikləri layihələr haqqında məlumat veriblər. Stendlərdə gənclərin marağını cəlb edən müxtəlif yarışma və müsabiqələr təşkil olunub, qaliblərə hədiyyə və promo məhsullar təqdim edilib.
Proqrama əsasən sərginin sonunda hər bir regionda açıq hava konsertləri təşkil edilib. Gənc ifaçılar musiqi nömrələrini təqdim ediblər.
Həmin festivallar gənclərin milli dəyərlərə sadiqliyini artırmaq və onların birliyini gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə