“İnsanların məzuniyyətdən qayıtdıqdan sonra adaptasiya ilə bağlı problemləri olur. Buna görə də bu cür məqamlarda tədricən uyğunlaşmağa diqqət edilməlidir. Bəzən insanlar bioloji saatlarına uyğun olmayaraq işə vaxtında çata bilmirlər. Bu da şübhəsiz ki, rutin halına gəlmiş həyat tərzi, psixologiya ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, tədricən uyğunlaşma proqramları sayəsində insanlar iş həyatına yenidən adaptasiya olmağa çalışmalıdırlar: “Beləliklə bioloji saatlarını da buna uyğunlaşdıra biləcəklər. Həmçinin tədricən uyğunlaşma proqramlarını müəssisələr də əməkdaşları üzərində tətbiq edə bilərlər”.
Mövzu ilə bağlı psixoloq Fidan Nizamova fikirlərini bölüşüb:
“Adaptasiya müddəti hər insanda fərqli olur. Ümumiyyətlə istirahətdən sonra insanın yeni bir istirahətə ehtiyacı olur. Buna görə də iş həyatına dərhal atılmaq deyil, yavaş-yavaş öyrəşməyə çalışmaq lazımdır.
Məktəbə hazırlıq prosesi psixoloji yöndə düzgün formada aparılmalıdır. Məktəb hazırlığı dedikdə yalnız məktəb ləvazimatları nəzərdə tutulsa da, mənəvi hazırlıq çox önəmlidir. Həmçinin uşaqlara dərsi daha maraqlı, əyləncəli edən üsulları tapmaq lazımdır. Bunun əksinə uşaqlara sərt qadağalar qoyaraq nəticə əldə olunmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə