"Məsuliyyət hissinin uşaq yaşlarından formalaşdırılması çox yaxşıdır" - PSİXOLOQ İZAH ETDİ

"Hər yerə vaxtından tez gedən insanlar bir neçə əlamətlərə görə başqa insanlardan fərqlənirlər". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, onlara həyəcan, təşviş, eyni zamanda mükəmməlliyyətçilik kimi xüsusiyyətlər aid ola bilər: "Bu insanlar bir yerə vaxtından tez gedirlərsə, demək, onlar gələcəyi çox düşünən insanlardır. Əslində hər hansı yerə vaxtında çatmağımız yaxşıdır. Bu bizim özümüzə, sonra da gedəcəyimiz yerə olan hörmətimizdən, məsuliyyətimizdən xəbər verir. Amma həddindən artıq tez getmək bizim gələcəyi çox düşünən, narahat insan olduğumuzu göstərir.

Məsuliyyət hissinin uşaq yaşlarından formalaşdırılması çox yaxşıdır. Uşaqlara gecədən məktəb çantasını yağdırmaq, valideynin məktəb çantasına müdaxilə etməməsi, içərisinə nələri qoymağa uşağın qərar verməsi uşağı daha da məsuliyyətli edir. Arxayın olmur ki, "anam çantamı hazırlayacaq". Bilir ki, bunu özü etməlidir. Bu, onu daha məsuliyyətli, diqqətli etmiş olur. Bu kimi uşağın yerinə işləməmək, uşağı öz işlərini görməyə yönəltmək vəzifələrimizdəndir".

"Gecikən insanlar hər yerə vaxtından tez gedən insanlardan daha çoxdurlar. Bunun üçün, təbii ki, iş yerlərində bir neçə tədbirlər görülür. Məsələn, barmaq izi, kart sistemidir ki, rəhbərlik işçinin gəlib-gəlməyəcəyindən xəbərdar olmuş olur. Elə yerlər də var ki, orada bu cür sistemlər yoxdur. Gecikən insanlarda çox zaman diqqət yayınması ola bilər. Eyni zamanda vaxtı doğru bölə bilməmək də hər yerə gecikən insanların xarakterik xüsusiyyətlərindən biridir. Bunun da kökü yenə də erkən uşaqlıq dövrünə gedib çıxır. Valideynin övladına məsuliyyət verməməsi, onun yerinə işlərini görməsi uşağın görməli olduğu işləri valideyn etməsi, uşağın məsuliyyətsiz biri olaraq böyüməsinə, diqqəti inkişaf etməməsinə, vaxtı da düzgün bölə bilməməsinə səbəb olacaq. Əgər uşaqda bu problemlər varsa, valideyn "sən düzəlməyəcəksən", "həmişə belə qalacaqsan", "vaxtında harasa gedə bilməyəcəksən" bu kimi sözlərlə uşağa etiket yapışdırarsa, uşaq inanacaq. Valideyn bizim inandığımız şəxsdir. Uşaq düşünəcək ki, onu tanıyan anası belə deyirsə, demək, düzəlməyəcək. Uşaq özünü düzəltməyə də çalışmayacaq. Belə olan halda valideyn qayda qoymasına baxmayaraq nəticə ala bilməzsə, mütəxəssisə müraciət edərlərsə, bu məsuliyyəti yarada bilərlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə