Təşviş və ya həyəcan - davranış pozuntusu kimi

“Təşviş hissi və həyəcan hər kəsdə rast gəlinə bilən qorxu, maraqlı hisslərlə müşahidə olunan davranış pozuntusudur. Belə vəziyyətdə insanlar, hətta kiçik problemlərlə üzləşdikdə də həddən artıq narahatlıq keçirirlər. Həmin stressli vəziyyətə qarşı emosional reaksiyalar isə fərqlidir. Problemdən əziyyət çəkənlərdə stress, panika və narahatlıq kimi hisslər uzun müddət davam edir və bəzən nəzarətdən çıxır”.

Bu barədə məlumat verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, təşviş insanın ani olaraq hansısa bir obyektə qarşı, ya hansısa bir situasiyada qorxu hissini keçirməsidir: “Həyəcan və təşviş pozuntusu iki istiqamətdə özünü göstərir - panik atak və qorxular yaranır. Panik atak insanlarda son zamanlar daha çox müşahidə olunur. Həmin hallarda ürək döyüntüsü artır, titrəmə və tərləmə baş verir, nəfəs darlığı yaranır. Statistikaya əsasən, təşviş kişilərə nisbətən qadınlarda daha çox müşahidə edilir.”.

Psixoloqun dediyinə görə, fiziki işlə məşğul olmaq, özünü motivasiya etmək belə vəziyyətdən çıxara bilər: “Əsas situasiyanı qəbul edərək başa düşmək lazımdır ki, burada təhlükəli heç nə yoxdur. Həmin halda ilk olaraq düzgün nəfəs texnikası lazımdır. Həmin vaxt ağız və burundan dərin nəfəs alıb özünü ələ almaq və baş verən situasiyanı qiymətləndirmək tələb olunur. Qorxu halları baş verəndə özünü itirmək yox, əksinə, qorxunun üstünə gedərək onu aradan qaldırmaq lazımdır. Təşviş, həyəcan zamanı insanlar, ilk növbədə, özləri bu vəziyyətdən çıxmağı bacarmalıdırlar. Daha sonra mütəxəssisə müraciət etmək tövsiyə olunur”, - deyə psixoloq bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə