"Qanunda “atalıq məzuniyyəti”, “analıq məzuniyyəti” anlayışı yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"İşçilərin məzuniyyət hüququ Əmək Məcəlləsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Qanunda “atalıq məzuniyyəti”, “analıq məzuniyyəti” anlayışı yoxdur, lakin bu anlayışlar anaya və ataya verilən məzuniyyəti ehtiva edir: "Əksər hallarda yeni uşaq doğulanda işləyən analar məzuniyyətə çıxdığı üçün cəmiyyət bu zaman işləyən ataların da məzuniyyətə çıxa biləcəyi barədə çox da məlumatlı deyil. Lakin Əmək Məcəlləsinin 117-ci maddəsində qeyd olunur ki, Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, uşaqlarını təkbaşına böyüdən və 14 yaşınadək iki uşağı olan atalara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan atalara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Həmçinin Əmək Məcəlləsinin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir ki, bu uşağın anası, yaxud atası ola bilər. Bundan əlavə, Əmək Məcəlləsinin 130-cu maddəsində konkret olaraq göstərilir ki, işçilərin xahişi ilə bir iş ilində həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq dörd yaşına çatanadək, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək, 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir.

Kişilərin bu hüquqdan geniş istifadə etməməsinin səbəbi maarifçiliyin, təbliğatın zəifliyinin nəticəsidir. Lakin az da olsa bu hüquqdan istifadə edən kişilərə rast gəlmək mümkündür. Yeri gəlmişkən qeyd edim ki, tanınmışlar arasında da bu hüququndan istifadə edənlərə rast gəlinir. Məsələn aparıcı Elgiz “atalıq məzuniyyəti”nə çıxdığı barədə açıqlamanı özü efirdə verib".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə