Kiçikhəcmli gəmilərin istismarı ilə əlaqədar nəzarət tədbirləri həyata keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə birgə nəzarət tədbirləri həyata keçirib. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, nəzarət tədbirləri Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirilib.

Tədbir zamanı ümumilikdə 20 qayıq saxlanılaraq texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə