Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Arid iqlim zonalarında yaşıllıqların keyfiyyətinin artırılması, qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, ictimai dinləmə aidiyyəti dövlət qurumları, tikinti şirkətləri, ekspertlər, layihə icraçıları, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilib.
İctimai dinləməyə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov sədrlik edib.
İctimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrənilib.
Görüşdə yabanı halda bitən aylant ağaclarının götürülməsinə dair vahid rəy verilib.
Gündəlikdə duran məsələlər bunlar olub:
1. Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi;
2. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında “İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi;
3. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə “CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi;
Tədbirdə arid iqlim zonalarında yaşıllıqların keyfiyyətinin artırılması məsələsinin müzakirəsi də edilib. Xüsusən Bakı şəhərinin küçə və prospektlərində, həmçinin istifadəsiz qalan ərazilərdə, insanlar tərəfindən planlı və plansız əkilmiş yaşıllıqlarla yanaşı, tullantıxanalarda qida qalıqları, yağıntı, qalxmış qrunt və kommunikasiyalardan sızan sulardan qidalanmaqla yaşayış məntəqəsinin estetik görkəmini pozan, bəzən tikinti və infrastruktur obyektlərinə zərər vuran, nizamsız inkişaf edən yabanı ayland cinsli yaşıllıqların müəyyənləşdirilməsi, onlardan yararlı olanlarını qanunvericliyə uyğun yerini dəyişdirilməklə və ya zərurət yarandığı halda götürülməsi əvəzində layihə, baş və müfəssəl planlara uyğun planlı əkilmiş yaşıllıq zolaqlarının tərkibində bərpa edilməsi zərurəti yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə