İnsanları küçələrdə əsir-yesir etməmək üçün qabaqlayıcı tədbirlər görülməlidir - EKSPERTDƏN MÜNASİBƏT

İnsanları küçələrdə əsir-yesir etməmək üçün qabaqlayıcı tədbirlər görülməlidir - EKSPERTDƏN MÜNASİBƏT

"Mən Azərbaycanda beynəlxalq yarışların, nüfuzlu tədbirlərin keçirilməsinin əleyhinə deyiləm. Sadəcə olaraq, Bakı sakinlərinin yersiz əziyyətlə üzləşməsinə, stress keçirməsinə imkan verilməməlidir. Təşkilati məsələlər ən yüksək səviyyədə həll olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist təəssüflə bildirib ki, Bakının infrastrukturu belə tədbirləri keçirməyə imkan vermir: "Düzdür, hər il ölkəmizdə Formula 1 yarışları keçirilir, amma bu, kifayət qədər əziyyətli proses olur. Paytaxt rəhbərliyi hər şeydən əvvəl Bakı sakinlərini düşünməlidir. İnsanları küçələrdə əsir-yesir etməmək üçün qabaqlayıcı tədbirlər görülməlidir".

S.Verdizadə paytaxt sakinlərinin sosial problemlərdən əziyyət çəkdiyini xatırladıb: "Biz Bakı sakinləri yetərincə əziyyətə, hətta deyərdim ki, məşəqqətə qatlaşmışıq. Formula 1 cəmi 2-3 gün davam edir. Düşünmürəm ki, bu 2-3 günə görə iş yerlərində onlayn rejim tətbiq olunsun. Elə sahələr var ki, orada onlayn fəaliyyət göstərmək effekt vermir. Hər bir halda vəziyyətdən çıxış yolu tapılmalıdır. Bu vəzifə isə, həmin tədbirlərin təşkilatçılarının üzərinə düşür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə