Paranoid insanların sayı niyə çoxdur? - PSİXOLOQ İZAH ETDİ

"Paranoid şəxsiyyət tipi, paranoid şəxsiyyət pozuntusu arasında fərq var". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, paranoid şəxsiyyət tipi odur ki, insanlar ya öz başlarına gəlmiş hansısa hadisədən, yaxud yaxınlarının başına gələn hansısa bir hadisədən sonra inamsız olmağa başlayır: "Dostlarının, sevgililərinin, həyat yoldaşlarının sədaqətsizliyinə qarşı şübhələr onları yorur. Onlar düşünür ki, qarşı tərəf onlara yalan danışır. Ona görə də, onlar aldıqları cavabla qane olmurlar, daha çox suallar verməyə başlayırlar. Təbii ki, heç bir şey səbəbsiz deyil. Hər şeyin səbəbi var, amma bu insanlar bir şeydən bir çox səbəblər çıxarmağa çalışırlar. Onlara evdə olduğunu dedikdə evdə olmadığını düşünürlər. Nişanlı qız telefonu açmadıqda, oğlan telefona cavab vermədikdə nişanlısı düşünür ki, onu kiminləsə aldadır. Həmin insanlar neqativə köklənirlər.

Həyatda dürüst olmayan başqa insanlara sədaqətsizlik edən insanlar var. Amma biz təbii ki, bunu bütün insanlara şamil edə bilmərik. Şamil etsək, böyük haqsızlıq etmiş olarıq, ilk öncə özümüzə, sonra da qarşı tərəfə. Odur ki, bizim düşüncələrimizə görə həyat bizi idarə etdiyindən, daim şübhəli, daim inamsız, ətrafımızda da aldadan, sədaqətsiz insanlar çoxalmağa başlayacaq. Ona görə də biz insanlara güvənəcəyik, amma tam güvənməyəcəyik. Tam güvənməsək, hər hansısa gün bizə onlardan zərbə gələrsə, o dönəmi çox ağır keçirməyəcəyik. Tam güvənsək, ondan gələn zərbəni çox çətinliklə keçirəcəyik".

"Demək ki, tam güvənməmək psixoloji sağlamlığımız üçün daha yaxşıdır. Heç güvənməmək artıq paronoid şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusunda bu əlamətlər yeniyetməlikdən başlayaraq yetkin yaşlara qədər davam edir. O insanlarda bu şübhələr əsassız olur.

Belə insanların sayı niyə çoxdur? Bu günümüzdə olan şübhələrin çox olmasını sosial şəbəkələrlə əlaqələndirirəm. Çünki sosial şəbəkələrdə insanlar çox məlumat oxuyurlar. Orada bir-birini bıçaqlayan həyat yoldaşları, bacı qardaşa qarşı əxlaqsız hərəkətlər edir. Ona görə insanlar bunları oxuduqca qorxmağa başlayır. Oxuduqlarına görə onda qorxu yaranır və hər kəsdən şübhələnir. Təbii ki, bu, doğru deyil. Əgər belə şey varsa, ilk olaraq psixiatra, daha sonra psixoloqa müraciət etmək lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə