"Ağsaqqal odur ki, başqalarının ağrı-acısını dərk etsin" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ağsaqqal odur ki, başqalarının ağrı-acısını dərk etsin" - MÜNASİBƏT BİLDİRİLDİ

"Böyük o şəxsdir ki, başqalarına xidmət etsin". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, ağsaqqal o şəxsdir ki, başqalarına xidmət etsin, öz mənafeyini düşünməsin, insanların mənafeyini düşünsün, fədakar olsun, güzəşt etməyi bacarsın: "Ağsaqqal odur ki, başqalarının ağrı-acısını dərk etsin, empatiya qura bilsin, başqaları ilə həmdərd ola bilsin. Onlara böyük, ağsaqqal, ağbirçək deyirlər.

Hər qohum-qəbilədə, tayfada belə şəxs olsa, avtomatik olaraq bütün qohumlar o adamı ağsaqqal kimi görür. Ağsaqqalı təyin etmirlər, ağsaqqal avtomatik olaraq ağsaqqal olur. Çünki fədakarlıq edir. Pulundan, canından, vaxtından, enerjisindən keçir ki, kiminsə düyününü açsın, kiminsə problemini həll etsin. Ağsaqqal sözü çox dərin sözdür. Kiməsə hörmət etmək ona xüsusi münasibət bəsləmək, ehtiram göstərmək deməkdir. Buna görə də hörmət onu qazanan, xidmətinə və ya vəzifəsinə görə bu münasibətə layiq olan insana göstərilməlidir. Ağsaqqal olmaq üçün gərək ömrünü şam kimi xalqının, millətinin yolunda yandırasan.

Bu gün belə insanların sayı, təəssüflər olsun ki, çox deyil. Demirəm yoxdur, var. Kaş ki, bundan da çox olardı. Çünki müasir dönəm insanları eqoizmə sürükləyir. İnsan özünü düşünəndə başqalarına xidmət etməyi unudur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə