Pozitiv olmağın yolları nələrdir? - PSİXOLOQ İZAH ETDİ

“Ətrafımızda elə insanlar ola bilər ki, davamlı neqativ düşünür, hadisələrə pis tərəfədən yanaşır və həyatından narazı olduğunu bildirir. Belə insanlar davamlı pessimist şəkildə hərəkət edir və ən yaxşı şeylərdə belə neqativ axtarmağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, sözügedən insanlar ətrafa olduğu kimi özlərinə də neqativ yanaşır və yaxşı xüsusuiyyətlərini görmürlər: “Çox vaxt mənfi şeylərə, yanlış etdiklərinə diqqət çəkir, bu haqda danışırlar. Bir sözlə, özlərindən, etdiklərindən də razı olmurlar. Bunlar bir vaxtdan sonra dərinləşməyə və insanın psixoloji durumunun pisləşməsinə gətirib çıxara bilər. Hətta, belə insanların ailəsi, dostları ilə də münasibətləri müəyyən müddət sonra pisləşir. Bu insanlarda yuxu pozuntusu, normal qidalanmamaq, ətrafına, işinə marağın olmamaması, durğunluq və s. hallar özünü göstərir. Belə halda ətrafındakılar onu yanlarından uzaqlaşdırmağa da başlaya bilir. Bu da təbii ki, onun həyat keyfiyyətinin aşağı düşməsi və bərabərində psixoloi durumunun daha da pisləşməsi ilə nəticələnə bilir.

Bununla bağlı suallar alırıq: “Neqativ düşüncələrdən necə xilas olum?” və ya “Pozitiv olmağın yolları nələrdir?”. İlk növbədə bildirmək lazımdır ki, bu narahatlıqlar ciddi şəkil alıbsa mütləq şəkildə peşəkar mütəxəssis dəstəyi, psixoloq yardımı alınması lazımdır. Psixoloq terapiya zamanı mənfi, neqativ düşüncələrin səbəbini aşkarlayır və ona uyğun terapiya aparılır.

Ümumiyyətlə, belə bir deyim də var: “Günə necə başlayırsan elə də davam edir”. Bu, yanlış yanaşma deyil. Araşdırmalar da onu göstərir ki, günə pozitiv, enerjili başlayan insanların gününün çox hissəsi də optimist və yaxşı əhvali-ruhiyədə keçir. Təbiidir ki, belə insanlar da ətrafında, ünsiyyətdə olduğu insanlara bu pozitivliyi ötürə bilir. Bu məsələnin digər tərəflərindən biri də motivasiyadır. Motivasiyalı insanlar da enerjili, ətrafında pozitiv aura yarada bilən insanlar olurlar. Bu zaman mənfi hadisələrdə belə pis tərəfə deyil, yaxşı tərəfə fokuslanır və o pisin içərisində də yaxşını axtarmağa çalışır. Həmçinin həyatda daima problemlərin ola biləcəyini və onların həlli yollarının da ola biləcəyinin fərqində olur. Bu halda istər insanların həyat keyfiyyəti, istərsə də ətrafı ilə münasibəti əvvəlkinə nisbətən daha yaxşı olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə