"COP29-un Azərbaycana verəcəyi üstünlüklər daha çoxdur" - ŞƏRH EDİLDİ

"COP29-un Azərbaycanda keçirilməsi ilə Azərbaycan beynəlxalq müstəvidə etimad ediləcək bir dövlət statusu alacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il sədrlik etdi: "Bu, hərəkatın beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Onun əhəmiyyətli təşkilat olduğunu artıq formalaşdırıb. COP29-a fikir versək, görərik ki, Birləşmiş Ərəb Əmirliklərində keçiriləndən sonra, bu sədrlik Azərbaycana veriləndən sonra dünyada belə bir təşkilatın olması gündəmə gəldi. Bu gün bütün dünya mətbuatında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı hər gün silsilə yazılar dərc olunur. Əlbəttə ki, bu, Azərbaycanın apardığı, Azərbaycan rəhbərliyinin, xüsusilə də, cənab Prezident İlham Əliyevin apardığı müsbət siyasətin nəticəsidir".

"COP29-un Azərbaycana qazandırdığı bu olacaq ki, Azərbaycanın regionda siyasi mövqeyi güclənəcək, Azərbaycanın etibarlı tərəfdaş olduğu, investisiyaların artırılması həyata keçiriləcək, Qərbin müəyyən mərkəzlərinin Azərbaycana siyasi təzyiqləri azalacaq. Azərbaycanın dostları, strateji tərəfdaşları artacaq. Hesab edirəm ki, COP29-un Azərbaycana verəcəyi üstünlüklər daha çoxdur. Bu, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bir daha Cənubi Qafqazda Azərbaycanın sülh və təhlükəsizlik adası olduğunu göstərir. Xüsusilə, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Həmçinin də, sülhü yaxınlaşdıracaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə