Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Tərtər rayonunda keçirilib.
Tədbirdə Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından ziyarətçi qismində fermerlər iştirak ediblər.
Festivalda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.
Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.
Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilib. Fermerlər tərəfindən yarana biləcək suallarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən operativ məsləhət xidməti göstərilib.
Festivalda Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi” mövzularında təlim keçirilib.
Tədbir çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Yarmarkada fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə