Hərəkətin sıx intervalının tətbiq edilməsi niyə həllini tapmır? - MÜNASİBƏT BİLDİRİLDİ
"Hər il yeni tədris mövsümünün başlanması ərəfəsində təbii ki, insanların alış-veriş və digər məsələləri həll etməsi ilə bağlı "Bakı Metropoliteni"ndə müəyyən sıxlıqların yaranması mümkündür". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, eyni zamanda əksər böyük müəssisələrdə yay dövründə fəal istirahət mərhələsi başa çatır: "Bu səbəbdən metropolitenində günün müəyyən saatlarında sıxlıqların yaranması ehtimalı olur. Bu səbəbdən mövcud hərəkət qrafikində Bakı metropoliteni ehtiyat qatarların daha sıx şəraitdə xəttə verilməsi məsələsinə hər gün gündəlik monitorinqlər əsasında baxır. Bu qayda ilə həll olunur.
Nə üçün bu dövrdə hərəkətin sıx intervalının tətbiq edilməsi mümkün deyil?
Qeyd etdiyim kimi hərəkət gün ərzində müxtəlif vaxtlarda sıx olur, xaotik olur deyə, günün hansı saatlarında sabit sıxlıq yaranması bilinmədiyindən ehtiyat qatarlardan istifadə olunması daha çox özünü doğruldur. Bu, daha çox operativ olaraq yarana biləcək problemlərin qarşısının alınmasına, eyni zamanda sərnişin axınının istiqamətləndirilməsinə kömək edir. Hal-hazırda bundan istifadə olunur.
Eyni zamanda bilirik ki, şəhərimizin bəzi küçələrində təmir işləri gedir. Xüsusilə də, "Formula 1" yarışı 1 həftəlik dövrdə hal-hazırda ölkəmizdə keçiriləcək. Bütün bunlar "Bakı Metropoliteni"nin cari iş rejimində xüsusi olaraq nəzərə alınır. Buna uyğun olaraq mütləq şəkildə ehtiyat qatarların xəttə verilməsi məsələsi həll olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə