"COP29 beynəlxalq imicin gücləndirilməsində önəmli rol oynayacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumilikdə COP29 Azərbaycana bir sıra inkişaf istiqamətləri təqdim edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, şübhə yoxdur ki, COP29 birincisi beynəlxalq imicin gücləndirilməsində önəmli rol oynayacaq: "Çünki Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mövqeyinə təsir göstərir. Həm də Azərbaycan Paris iqlim razılaşmasına hörmət edən qlobal tərəfdaşa çevrilir. Qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizədə Azərbaycanın, Bakının müəyyən etdiyi düşüncələr rol oynayacaq.

İkincisi investisiyaların və iqtisadi faydaların artması həmişə önəmlidir. Bu, özlüyündə beynəlxalq investorları Azərbaycanın enerji sektoruna gətirir. Çünki biz COP səviyyəsində Azərbaycanın enerji potensialını göstərmək üçün bunları təqdim edəcəyik.

Üçüncüsü isə, bütövlükdə COP-un geridə buraxdığı mənzərə şəhər infrastrukturunun, şəhərin inkişafı ilə bağlı layihələrin önəmidir. Çünki şəhərimiz ekoloji mərkəzə çevrilmək məcburiyyətində və öhdəliyində olur. Biz belə baxsaq, Bakının yaşıllaşmasını təkcə arzu etmirik, iş çərçivəsində görmüş oluruq. Mütləq şəkildə turizmə təsiri var. Azərbaycanın multikultural dəyərlərini, qonaqpərvərliyini təqdim etməliyik. Bu, Azərbaycanda ekoloji təsiri, ekoloji maarifləndirmənin çox ciddi şəkildə həyata keçirilməyinə dəstək olacaq. Gənc nəslin ekoloji həssaslığını artıracaq. Ən önəmlisi bütün proseslərdə davamlı inkişaf strategiyaları həmişə qalır. Məncə, iqlim dəyişikliyi ilə bağlı davamlı inkişaf strategiyalarına ehtiyac var. İndiki COP29 bunu yaradacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə