Slovakiyalı mütəxəssislər Baş Qərvənddə “ağıllı kənd” inşa edəcəklər
Ağdamın ən böyük kəndlərindən olan Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsi icra ediləcək. Hazırda kənddə söküntü və şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu bölgə müxbirinə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.
Mətbuat katibi bildirib ki, Baş Qərvənddə tətbiq ediləcək “ağıllı həllər” Azərbaycan dövlətinin vəsaiti ilə Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması nəzərdə tutulur. Birinci mərhələdə burada 275 hektar ərazidə 851 evin tikintisi planlaşdırılır.
Leyla Sarabi “ağıllı kənd”də tətbiq ediləcək yeniliklərdən də söz açıb. “Burada “ağıllı texnologiyalar”dan istifadə ediləcək. Tullantıların utilizasiyası, “yaşıl enerji”dən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qənaətli texnologiyalar “ağıllı kənd” konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası, həmçinin evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur. Bütün bunlarla paralel alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların da gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə