Əqli Mülkiyyət Agentliyinin yerli sahibkarlar üçün təlimi başa çatıb - FOTOLAR

Müasir dövrdə əqli mülkiyyət iqtisadiyyatın inkişafında mühüm rol oynayır və biznes üçün çox əhəmiyyətlidir. Əqli mülkiyyət şirkətlərin əsaslandırılmış qərarların qəbul edilməsində əvəzsiz rol oynayan mühüm texniki və kommersiya məlumat mənbəyidir. Əqli mülkiyyət hüquqları sahəsində uğurlu idarəçilik investisiyaların cəlb olunmasına, gəlirlərin artmasına, innovasiya və rəqabət qabiliyyətinin yaradılmasına birbaşa təsir edir. SİA xəbər verir ki, bu fikirlər Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizin aqrar-ərzaq sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri üçün keçirilən təlimdə səsləndirilib.

Təlimin sonuncu günü türkiyəli beynəlxalq ekspert Arifə Yılmaz Topalın “Sənaye nümunəsi, coğrafi göstərici, müəllif hüquqları, əqli mülkiyyətin kommersiyalaşdırılmasına giriş” mövzusunda təqdimatı olub. Təlim iştirakçılarına sənaye nümunəsinin icmalı, müəllif hüquqları və onların aqroərzaq biznesində aktuallığı, aqroərzaq sənayesi üçün coğrafi göstəricilər və onların əhəmiyyəti, aqroərzaq sahəsində əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyaları, brendinq və marketinqdə əqli mülkiyyətin rolu barədə məlumat verilib.

Sonra A.Topal tərəfindən “Aqroərzaq biznesləri üçün əqli mülkiyyətin idarə edilməsi” mövzusunda məruzə edilib. Bu sessiyada əqli mülkiyyət sahəsində idarəetmənin təşkili, əqli mülkiyyətin biznes strategiyasına inteqrasiyası, əqli mülkiyyət risklərinin və imkanlarının müəyyən edilməsi və idarə edilməsi, daxili əqli mülkiyyət auditinin həyata keçirilməsi mövzuları müzakirə olunub.

Daha sonra təlim iştirakçıları arasında əqli mülkiyyət strategiyalarının həyata keçirilməsi üzrə praktiki məşğələlər təşkil edilib və qrup müzakirələri keçirilib. Tədbirdə ölkəmizin aqrar-ərzaq sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin müxtəlif sualları cavablandırılıb, onların təmsil etdikləri biznes strukturlarının əqli mülkiyyətlə bağlı qarşılaşdığı təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Üç gün davam edən tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə