"Başına pis hadisə gələn insanın pis hiss etməməsinə sevinməməliyik" - PSİXOLOQ İZAH ETDİ

"Bəzən bir insanın başına pis hadisə gəldikdə həmin anda affekt halında olur, biz buna həm də şok halı deyirik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, pis hadisə anında o insan hadisəni tam dərk edə bilmir, həmin anda heç bir emosiyasını göstərə bilmir: "Nə əsəbləşə bilir, nə qışqıra bilir, nə ağlaya bilir. Amma bəzən də həmin anda həm ağlayır, həm qışqırır, həm də özünə, yanındakına zərər verə bilir. Bununla da içindəki mənfi emosiyaları çıxarır.

Amma pis hadisədən sonra əgər insan özünü pis hiss edə bilmirsə, bu hadisə onun üçün çox önəmli hadisə olduğu halda pis hiss etmirsə, deməli, burada hansısa affekt vəziyyətidir. Bu hal bir neçə vaxtdan sonra çox şiddətli şəkildə qayıda bilir, hətta insan depressiyaya düşə bilir. Yaxud da, aqressivləşir, ya da hər şeydən tamamilə təcrid olmaq istəyir, heç nəyə həvəsi qalmır.

Ona görə də, bu hallarda görsək ki, bir insanın başına pis hadisə gəlib, amma özünü pis hiss etmir, buna çox da sevinməməliyik. Hər şeyin yaxşı olduğunu, hadisəni yaxşı keçirdiyini düşünməməliyik. Bu pis hadisə ona, həqiqətən də, toxunacaq hadisədir, biz bilirik ki, onun dəyərlərinə aid olan hadisədir, amma yenə də narahat deyilsə, demək, biz o insana ciddi şəkildə psixoloji dəstək verməliyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə