"Beynəlxalq yarışların sayəsində ölkəmiz daha da gözəlləşir" - SORĞU

“Formula-1” bahalı və elit idman növüdür. Yarışın Azərbaycan üçün siyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq, Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq imkanı əldə edəcək.

Ümumiləşdirsək, dünyaca məşhur “Formula-1” yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır. “Formula-1” yarışları iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var. Məsələ ondadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir. Əlbəttə, belə genişmiqyaslı və əhəmiyyətli yarışa ev sahibliyi müəyyən çətinliklər də yaradır və bu, normaldır. Paytaxt sakinlərinin “Formula-1” yarışlarının keçirildiyi günlərdə yolların bağlanması və s. kimi müvəqqəti çətinlikləri anlayışla qarşılaması, bu mötəbər idman tədbirinin gətirdiyi dividendləri dərk etməsi müsbət haldır. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Araz Abdulhüseynov: "Mən 2015-ci ildə Bakı Olimpiya Oyunlarında, ondan sonra da "Formula1" yarışlarında könüllü kimi iştirak etmişəm. Beynəlxalq yarışların keçirilməsi bizim ölkəyə turist cəlb etmək və xarici valyutanın ölkəyə daxil olması deməkdir. Bu da ölkədə inkişaf, Azərbaycanın tanınması deməkdir. Turistlərin ölkəyə axını turizmin inkişafına dəstək olur".

Şəhər sakini Nəzrin Əkbərzadə: "Beynəlxalq yarışların keçirilməsi, eləcə də "Formula1" yarışları ölkəmizin müasirləşməsi, daha da insanların dünyagörüşünün inkişaf etməsi, məlumatlanmağımız, bilikli olmağımız məqsədilə keçirilir. Necə ki, bizdən xaricə gedib orada təhsil alırlar, xarici ölkələri görüb tanıyırlar, onlar da Azərbaycana gəlib buranı görürlər, tanıyırlar. Bu yarışlar sayəsində bütün dünyada tanınırıq. İnsanlarımızı, millətimizi tanıtmaq, ölkəmizin aurasını görmək üçün faydalıdır, deyə düşünürəm".

Şəhər sakini Sehranə Gənciyeva: "Ölkəmizdə inkişaf gedir. Ona görə də, xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsi çox yaxşıdır. Bakını dünya görür, tanıyır. Ölkəmizə gələn turistlər Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Bu, çox yaxşıdır. Çünki Bakı ildən-ilə çox dəyişir, inkişaf edir. "Formula1" həm də çox maraqlı yarışdır. Maşınların yarışı insanların diqqətini çəkir, əyləncəlidir, həm də Bakını tanıyırlar. Turizm inkişaf edir".

Şəhər sakini Sevinc Qasımova: "Formula1 yarışları keçirilərkən yollar bağlanır deyə, tıxac yaranır, işə gedib-gəlmək bir az çətinləşir. Amma ümumilikdə götürdükdə ölkəmiz tanınır, turizm inkişaf edir. Bu cəhətdən yaxşıdır. Turistlər alış-veriş edirlər, öz ölkələrinə Azərbaycandan yadda qalınacaq nə isə alıb aparırlar. Bu da valyutaya fayda verir".

Şəhər sakini Billurə Ələkbərli: ""Formula1" yarışlarının keçirilməsinin ölkə üçün əhəmiyyəti odur ki, dünyaya çıxırıq, nəticədə tanınırıq. Həm də turistlərin axını olduğuna görə ekonomik cəhətdən də faydası var. Həm dünya bizə gəlir, həm də biz dünyaya çıxırıq. Bizim vətəndaşlar da hansısa məsələrdən xəbərdar olurlar. Bir az savadlanmaq kimi də baxa bilərik. Dünyagörüşümüz artır. COP29 tədbiri də bu cəhətdən önəmli olacaq. Biz inkişaf etməkdə olan ölkə sayılırıq. Ona görə, bu yarışlar bizim üçün də yaxşı sayılır".

Şəhər sakini Ayşən Nağıyeva: "Məncə, beynəlxalq yarışların sayəsində ölkəmiz daha da gözəlləşir. Turistlər axın edir. Ölkəmiz haqqında dünyada fikir formalaşır. Bütün beynəlxalq tədbirlər Azərbaycanı dünyada tanıdır, xarici vətəndaşlar gəlir. Turistlər digər illərdə də Azərbaycanı ziyarət etmək istəyirlər. İdman yarışları ölkəni tanıtmaq üçün ən sürətli yoldur. Bu cəhətdən "Formula1" yarışlarının əhəmiyyəti böyükdür. Belə yarışlar olmasa, diqqət mərkəzində olmaq çətindir. Hər ölkədə Azərbaycan adını eşidirdim. Ölkəmizi tanıyırlar. Bu, beynəlxalq yarışların sayəsindədir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə