AQTA-da Türkiyədən olan mütəxəssislərlə və FAO-nun nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində ölkəmizdə səfərdə olan bitki sağlamlığı üzrə Türkiyədən olan mütəxəssislər və FAO-nun Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, görüş zamanı qonaqlara Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsinin tənzimlənməsinin, eləcə də zərərli orqanizmlərin risk qiymətləndirilməsinin cari vəziyyəti barədə məlumatlandırılıb. Eyni zamanda, ölkəmizin FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və bu sahədə fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması və virus xəstəliklərinin idarə edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə