Əsəbin əsas səbəbi BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

Əsəbin əsas səbəbi BƏLLİ OLDU - AYDINLIQ GƏTİRİLDİ

"Hər şeyə qıcıq olan, əsəbləşən insanların psixoloji halını araşdırarkən görürük ki, bu insanlar yetəri qədər sevgi, diqqət görməyən və problemləri eşidilməyən, eyni zamanda haqsızlığa uğrayan insanlardır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, əgər bir insanın dinləyəni, onun duyğu və düşüncələrini önəmsəyən varsa, o insan hər xırda detala görə əsəb keçirtməz: "Aqressiyanın, əsəbin arxasında mütləq səbəblər dayanır. Çox az hallarda olur ki, hansısa bir anadangəlmə səbəblərdən insan əsəbi olsun. Amma nadir hallarda görülür. Çox zaman əsəb, aqressiya həyat prosesində qazanılır. İnsanın boya-başa çatdığı mühitin, onunla valideynlərinin rəftarına görə aqressiv ola bilər".

"Əsəbin səbəbi keçmişdən gələ bilər. Çünki insan əgər yaşadığı travmalarını həll etməmişsə, yaxud hansısa depressiv fikirləri varsa, bu, onu əsəbi edər. Bunun həlli yolları var. Əgər bir insanın travması varsa, depressiyadadırsa, o, ömür boyu bu vəziyyətlə yaşamağa məcbur deyil. İnsan istədiyi andan etibarən bu problemlərini həll edə bilər. Özü həll edə bilməsə, professional dəstək alaraq bu problemlərini geridə qoya bilər. Çünki travmalar insanın həyatında iz qoyur. İnsanın yaşadığı, unuda bilmədiyi, hər yadına düşəndə içinin gizildədiyi, titrədiyi hadisələr travma sayılır. Bu hallardan bir ay keçərsə və davamlı olarsa, post-travmatik stress sindromu diaqnozu qoyulur. İnsan həm dərman preparatları qəbul edərək, həm də professional psixoloq dəstəyi alaraq gözündə travmalarını adi hala çevirə bilər. Həmin travmaları silmək mümkün deyil, amma onları gözümüzdə kiçildib adiləşdirmək, bizə əvvəlki qədər əzab verməməsi mümkündür.

Depressiya həyatdan zövq ala bilməmək, keçmişdəki hansısa hadisəyə görə özünü günahlandırmaq, keçmişdəki hansısa pis hadisəni qəbul etməmək kimi səbəblərdən yaranır. Təbii ki, əsəbin səbəbi keçmişdən də gələ bilir. İnsan birinci növbədə probleminin fərqində olmalıdır. Əgər fərqində deyilsə, o insanda fərqindəlik yaradılmalıdır. Bu yükü, ağırlığı çiyindən atmaq olar. Yetər ki, buna hazır olunsun" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə