Ata-ana nə zaman valideynlik hüququndan məhrum ola bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0. maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, həmin məcəllənin 65.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir: "Həmin məcəllənin 65.4. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.
Həmin məcəllənin 66.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
Həmin məcəllənin 66.6-cı maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər".
"Həmin məcəllənin 72.1. maddəsinə əsasən uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir.
Həmin məcəllənin 114.1. maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB