“Sosial işçilər çoxprofilli komanda ilə işləyir” - SOSİOLOQ DANIŞDI
“İnsan münasibətləri çox mürəkkəb anlayışdır və insan münasibətlərini müxtəlif elm sahələri öyrənir. Bu baxımdan “Sosial iş” ixtisası da cəmiyyətin sistemlərində, fərd-cəmiyyət münasibətləri və bir sıra müxtəlif istiqamətlərdə töhfə vermək imkanına malikdir. Sosial iş əslində qayğıya ehtiyacı olan insanlarla işləyən mütəxəssislərin yetişdirilməsini təmin edir. Sosial işçilər fərdlər, qruplar və bütövlükdə cəmiyyətlə işləyir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, Azərbaycanda sosial işin tarixi elə də böyük keçmişə dayanmır: “Belə ki, Azərbaycanda sosial iş təhsilinə 2005-ci ildə başlanılıb. Sosial işçi hazırlığının böyük tarixi olmasa da, hazırda ölkəmizdə sosial işin institutlaşması istiqamətində mühüm işlər görülür. Bakı Dövlət Universiteti sosial işçi hazırlığına başlayıb. Biz bu təcrübəni öyrənmək üçün sosial işi həyata keçirən ölkələrdə olmuşuq. Xüsusilə də bu təcrübəni Litvadan öyrənmişik.
Hazırda sosial iş təhsilinin keyfiyyəti yüksək səviyyədədir. Xüsusilə BDU bu istiqamətdə sosial işçi hazırlığını praktik formada həyata keçirir. Sosial işçilər çoxprofilli komanda ilə işləyir. İstənilən hadisə ilə məşğul olarkən sosial işçilər hüquqşünas, psixoloq, sosioloqlardan ibarət komandalarla işləyir. Beləliklə, sosial həssas qruplara ən yüksək şəkildə lazımi qayğı göstərilir.
Cəmiyyətimizdə elə dəyişikliklər baş verir ki, sosial sahə mütəxəssislərinə böyük ehtiyac duyulur. Çox yaxşı olar ki, dövlət və özəl müəssisələrdə sosial işçilər üçün yerlər açılsın. Sosial işçilərin daha yaxşı fəaliyyət göstərməsi üçün onları akreditasiyasını həyata keçirən qurumun yaranmasına ehtiyac var. Belə olduqda sosial işçilər daha praktik şəkildə işlərini həyata keçirə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB