“Bu məsələ çox ciddi şəkildə nəzarət altında saxlanılır" - QURUM RƏSMİSİ DANIŞDI
“Bakı Metropoliteni xətlərində son dövrlərdə çox nadir hallarda qatarlarda bu və digər nöqsan, nasazlıq müşahidə olunur. Belə olduqda Bakı Metropoliteni dərhal məlumatı ictimailəşdirir və hadisənin xarakteri, xətdəki hərəkətə təsiri barədə informasiya verilir. Çünki sərnişinlərin məlumatlı olması çox vacibdir. Ümumiyyətlə texniki problemlərin hər biri Bakı Metropoliteninin “Vaqon Təsərrüfatı” ilə bağlı normativ sənədlərdə müəyyən olunduğu qaydada baxılır. Aşkarlanan nasazlığın da xüsusiyyətləri müxtəlif formalarda ola bilər. Məsələn, sərnişinlərin qatardan kənarlaşdırılıb, qatarın elektrik deposuna göndərilməsi və yaxud hər hansı stansiyaya qədər hərəkət davam edir və xəttən çıxarılan qatar başqası ilə əvəzlənir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, nasazlıq və yaxud hər hansı nöqsanın dərhal yerində aradan qaldırılması da mümkündür: “Baş verən nasazlıqlar fərqli olduğundan normativ tələblərə uyğun olaraq da dərhal qərar verilir. Amma istənilən nöqsan,nasazlıqla bağlı dərhal metropolitendə aidiyyəti sahənin araşdırılması aparılır. Burada istər texniki, istərsə də insan faktoru ilə bağlı məsələlər dərindən araşdırılır. Bu davamlı və daimi olan bir prosesdir.
Hər bir eskalatorlu stansiyada eskalatorun sayından asılı olaraq iş prinsipləri müəyyən olunur. Eskalatorların iş qrafiki əsasən sərnişinlərin hərəkət axını və istiqamətlərinə uyğun olaraq dövrü müəyyən olunur. Bununla belə sərnişin axınının dəyişməsi və digər hallar üçün operativ tədbirlərin həyata keçirilməsi üçün də artıq müvafiq ardıcıllıq da mövcuddur.
Eskalatorlardan birinin qeyri-işlək vəziyyətdə saxlanılması sərnişin təhlükəsizliyi və onun hərəkət rahatlığının təmin edilməsi məqsədi daşıyır. Yəni, bir eskalatorun ehtiyyatda saxlanması baş verə biləcək hər hansı fövqəladə hallardan sığortalanmaq və sərnişin axınına təsie göstərmədən digər eskalatorun qoşulmasına da şərait yaradır. Ümumiyyətlə bu məsələ çox ciddi şəkildə nəzarət altında saxlanılır.
Sərnişinlərin hər hansı problemlə bağlı dərhal metropoliten əməkdaşına müraciət etməsi bəzən mütləq, vacib, bəzən isə tövsiyyə xarakterli olur. Amma biz ümumən sərnişinlərə metropoliten istifadə qaydalarına əsasən yaranmış hər hansı problemdə metropoliten əməkdaşlarına müraciət etməyi tövsiyyə edirik. Qatarda problem yarandıqda isə çox rahatlıqla maşinistlə əlaqə saxlamaq mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB