Piyada keçidinə və işıqfora nifrət edənlərin ölkəsi

Piyada keçidinə və işıqfora nifrət edənlərin ölkəsi

İlk baxışda sadə görünən, amma təşkilində hamımızın rolu olan yol hərəkəti qaydaları cəmiyyətin rahatlığı üçün əhəmiyyətli sahədir. Yol hərəkətinin təşkilində böyükdən kiçiyə hamımızın rolu var, çünki kimimiz sürücü, kimimiz piyada, kimimiz nizamlayıcı, kimimiz də sərnişinik. İstənilən qəza vəziyyətində, fövqəladə hallarda, hərəkət anında necə davranmağımız, hərəkətin təşkilindəki rolumuzu bilməyimiz olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan nəqliyyatında sürücü olmaq da çətindir, yolda piyada olmaq da. Ölkəmizdə piyadalar öz hüquqlarını və öhdəliklərini bilmir, sürücülər isə yol hərəkətinin təşkilində qayda pozur. Amma bu o demək deyil ki, piyadalar qayda pozmur, əksinə, sürücülərin qayda pozması qədər piyadaların da qaydaları "çeynəməsi" çox rastlanan vəziyyətdir.

Cəmiyyətimizin heç vaxt həllini tapmayan problemlərindən biridir yol mədəniyyəti. Xüsusilə piyada mədəniyyətinə çox nadir halda şahid oluruq. Yol boş olmasına rəğmən işıqforun yaşıl siqnalını gözləyən piyadaya isteha ilə baxırıq, piyada keçidi axtaran görəndə rişxənd edirik. Yeraltı və yerüstü keçidlərdən istifadə demək olar ki, yoxdur, piyada zolağından keçən piyada görəndə hamı təəccüblənir. Yolun digər tərəfinə keçmək üçün küçənin piyada zolağı olan hissəsini axtaran piyada başqalarının lağ obyekti olur.

Kimindir səkilər – piyadanın, yoxsa obyektlərin?

Yol hərəkəti qaydalarına görə piyadalar küçə boyu hərəkət edərkən səkilərdən istifadə etməlidir. Lakin səkilər istifadə üçün yararlı deyil. Bu problem bütün ölkə üzrə mövcuddur, əksər küçələrin səkiləri ya dağıdılıb, ya obyektlər tərəfindən işğal edilib, ya da avtomobillər üçün park ərazisi edilib. Əlil arabası, uşaq arbaları ilə səkilərdə hərəkət müşkülə çevrilib. Xüsusilə əlil arabalarında olan insanlar üçün tək hərəkət etmək mümkün deyil. Səkilərdə panduslar yoxdur, daşlar yerindən çıxıb, təmir edilmir, obyektlərin pilləkanları səkiyədək uzanır, nəticədə əlil arabasındakı şəxs yolun avtomobillər üçün nəzərdə tutulan hərəkət hissəsinə çıxmalı olur ki, bu da həyati təhlükə yaradır.

Əgər səkilər əlverişlidirsə piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bütün bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə gedə bilər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsinin kənarı ilə piyada kimi hərəkət edirsinizsə o zamanı axının əksi istiqamətində gedin, bu sizi təhlükələrə qarşı qoruyur, çünki avtomobillər qarçşıdan hərəkət edir və siz öz təhlükəsizliyinizi təmin edə bilirsiniz.

Piyada harada gözləsin?

Bakının ən ciddi problemlərindən biri də bir çox ərazidə avtobus dayanacaqlarının əlverişsiz olmasıdır. Dayanacaqlar ya pərakəndə satış üçün istifadə edilir, ya qəzetdən başqa hər şey satan qəzet köşklərinin ixtiyarındadır, yaxud da taksilər tərəfindən zəbt edilib. Avtobusu gözləmək üçün dayanacağa girə bilməyən piyada yolun hərəkət hissəsinə çıxmalı olur.

Qanunlarımızda deyilir ki, ictimai nəqliyyatı və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmək lazımdır. Lakin yuxarıda qeyd etdiyimiz problemə görə bu həmişə mümkün olmur. Yol patrul əməkdaşları bir çox hallarda bu problemi tənzimləmək məcburiyyətində qalır, yolun hərəkət hissəsinə çıxıb avtobus gözləyən piyadaların təhlükəsizliyinə nəzarət edirlər, səsgücləndiricilər ilə tez-tez xəbərdarlıq mesajları verirlər.

İşıqforun dili olsaydı...

Yollarda hərəkətin təşkilini nizamlayan işıqforlar yol hərəkətinin onurğasıdır desək, yalan olmaz. Amma piyadaların səhlənkarlıq etdiyi məsələlərdən biri də hərəkətin nizamlandığı yerlərdə işıqforlara əhəmiyyət verməmələridir. Piyadaların əksəriyyəti nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsinə qarşı etinasız olur. Halbuki işıqfor mədəniyyəti piyadanın şəxsiyyət vəsiqəsidir və yollardakı qəza vəziyyətləri məhz işıqfora əməl etməyən piyadaların səhvi ucbatından yaranır. Nəticədə piyada ya ölür, ya da ömürlük əlil qalır, onu vuran avtomobilin sürücüsü isə geri qalan ömrünü həbsdə keçirməli olur. Yəni, piyadanın səhvi ucbatından günahsız sürücü cəzalandırılır.

Müşahidələr və nəticələr göstərir ki, işıqfor mədəniyyəti olmayan böyüklərin yanındakı uşaqlarda da bu alışqanlıq olmur. Valideyni ilə qırmızı işıqda, qaçaraq yolu keçən uşaqlar bunu tək olduqda da təkrarladığı üçün qəza şəraiti yaradırlar. Böyüklərin nümunəvi piyada olması, kiçiklər üçün də yol xəritəsi olur, işıqforun icazə siqnalını gözləmələri, piyada qaydalarına əməl etmələri onların dissiplinli, nümunəvi vətəndaş olmalarına da faydalıdır.

Avtomagistrallardakı qurban piyadadır, yoxsa sürücü?

Çox müşahidə edirik, sürət həddi yüksək olan yollarda qarşı tərəfə keçən piyadalarla bağlı tez-tez qəza xəbərləri yayılır. Hər il onlarla insan bu səbəbdən dünyasını dəyişir, günahsız sürücü isə həbs edilir. Piyadalar sutkanın qaranlıq vaxtı yolun sürət həddi yüksək olan hissəsində, həm də işıqlanmayan hissəsində qarşıya keçməyə cəhd edirlər. Yola baxmadan, təhlükəni eyninə almadan, öləcəyini düşünmədən qara geyimdə, qaranlıqda və sürətli hərəkət olan yolda bu manevri edən piyadanın sonunun necə olacağı bəlli deyilmi?

Belə hadisələrin olduğu yerlərin yaxınlığında yerüstü və ya yeraltı piyada keçidi olan yerlər çoxluq təşkil edir. Təsəvvür edin, hadisənin baş verdiyi ərazidən 50-60 metr uzaqlıqda keçid var və piyadalar o keçidlə yox, təhlükəli manevrlə sürətin yüksək olduğu yoldan qaçaraq keçməyi seçirlər. Nəticədə ya ölürlər, ya da ömürlük şikəst qalırlar, yüksək sürət həddi olan yol olduğu üçün arxayın olub avtomobilini o sürətlə idarə edən və qəzadan yayına bilməyən sürücü isə həbsxanaya göndərilir.

Yol Hərəkəti Haqqında qanuna görə piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Nizamlanmayan, piyada keçidi olmayan yollarda, qəza ehtimalının yüksək olduğu vəziyyətlərdə qarşıya keçməyə cəhd edən piyada yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.

İkitərəfli hərəkət istiqaməti olan çoxzolaqlı yollarda təhlükə daha böyükdür. Qaçaraq yolu birdəfəyə keçmək piyadaya baha başa gəlir. Halbuki, bu kimi vəziyyətlərdə keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər, bunu etmək ən azı qəzadan xilas edə bilər.

Məktəblərin önü təhlükə yuvasıdır

Məktəblərin önündəki piyada keçidlərində də vəziyyət acınacaqlıdır. Övladını məktəbə qoymağa və ya götürməyə gələn valideynlər nəqliyyat vasitələrini piyada keçidinin üstündə park edirlər. Bu da təbii olaraq məktəblilərin yolu keçməsinə maneə yaradır və uşaqlar yolun digər hissəsindən keçməli olurlar. Halbuki, YHQ-nun 52-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Yəni, piyada keçidinə 5 m-dən az qalmış, piyada keçidində və piyada keçidindən 5 m. keçənə qədər öz avtomobilinizi park etməklə qanunu pozmuş olursunuz.

Məktəblərə yaxın ərazilərdə sürət həddi də tənzimlənmir, sürücülər 1.21 yol nişanının tələblərinə əməl etmirlər. 1.21 nişanının mahiyyətini anlayan sürücülər də çox deyil əslində. 1.21 - "Uşaqlar" nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxması ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə sürücüləri xəbərdar edir. Qanun deyir ki, uşaqların hərəkət təhlükəsizliyi barədə təsəvvürləri zəif ola bilər, ehtiyatsızlıqdan yola qaça bilərlər, bunu nəzərə alınaraq bu nişan təkrarlanır. Birinci nişan təhlükəli sahənin başlanğıcına ən azı 100 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış qoyulur. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 əlavə məlumat nişanı ilə birlikdə qoyulmalıdır. Lakin jurnalistlər tərəfindən şəhərdə aparılan sorğular zamanı məlum olur ki, sürücülərin əksəriyyəti nəinki məsafə barədə məlumatlıdırlar, hətta uşaqlar nişanını tanımırlar.

Valideynin güzgüsü övladıdır

YHQ deyir ki, uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir. Lakin məktəbə yaxın ərazilərdə bu qaydalar kobud şəkildə pozulur. Məktəbdən çıxan uşaqlar böyük izdihamla yolun hərəkət hissəsində gedirlər. Valideynlər qətiyyən işıqforun icazə siqnalına əhəmiyyət vermir, uşaqlar yolun hərəkət hissəsi ilə aparılır, səkilərdən istifadə edilmir. İnsafən, demək lazımdır ki, bir çox məktəbə yaxın ərazilərdə səkilər də yararsız vəziyyətlərdədir – ya dağıdılıb, ya da bir nəfərin belə hərəkət edə bilməyəcəyi ensizlikdə inşa edilib.

Yol hərəkətinin təşkilində hamımız məsuliyyət daşıyırıq. Sən, səki ilə gedən piyada, sən də məsulsan. Sükan arxasında oturan sürücü, sən də məsuliyyətinin fərqinə var. Avtobusun, fərdi maşının sərnişini, hüquq və öhdəliklərini öyrən. Yol hərəkətinin təşkili bizim məsuliyyətimizin güzgüsüdür, diqqətimizin nəticəsidir. Yol hərəkəti bizim vəhdətimizdir, birimiz qaydalara əməl etməyəndə bu sistemin zəncirindən bir halqa ayrılır, qəza zəncirinin ilk halqası isə özündən sonrakı faciələrə yol açır. Savadlı piyada, məsuliyyətli sürücü və sərnişin olmaq qəzaların sayının minimuma enməsi, ölməmək, öldürməmək deməkdir. Yol terrorundan sığortalanmaq üçün hər kəs öhdəliyini bilərsə bu qədər çox qəza olmaz, dolayısı ilə yollardakı qətliam bitər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə