DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST mərkəzlərində xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək artıq məcburi deyil. DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu həftədən etibarən vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə bilər.

Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Rəqəmsal şəxsiyyət vəsiqəsi”nin “mygov” portalı üzərindən verifikasiyadan keçirilməsinə dair təlimat hazırlanıb. Təlimata əsasən, vətəndaş “mygov” tətbiqində qeydiyyatdan keçibsə, yalnız smartfonla DOST Mərkəzinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilər. Bunun üçün qəbul masalarında şəxsiyyət vəsiqəsi əvəzinə tətbiqdəki QR kodu göstərmək kifayətdir.

Qeyd edək ki, bu yenilik Azərbaycan Prezidentinin 16 iyul 2024-cü il tarixində imzaladığı Fərman nəticəsində mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə