Bu gün hər kəsi narahat etməli olan ən vacib məsələlərdən biri yas mərasimlərinin israfçılığa açdığı qapıdır. Bu, elə bir qapıdır ki, onu açan özümüz olduğumuz kimi, bağlayan da özümüz olmalıyıq. Çünki digər məsələlər kimi, yas mərasimlərinin də belə "müasirləşməsinin" səbəbkarı bizik. Necə ki, toylarımızda qədim adət-ənənələri ixtisara sala-sala gedirik, özümüz "yeniliklər" kəşf edib toylara daxil edir, necə deyərlər, toyları əndazədən çıxarırıq, yas mərasimlərinin də "müasirləşməsinin" səbəbkarı bizik.
İllərdir ki, bu mövzu ətrafında müzakirələr, mübahisələr gedir, lakin sanki bəhsəbəhslik, "qonşudan geri qalma" prinsipi, "adım-sanım var" iddiası bu müzakirələrin qarşısına keçir və necə deyərlər, bildiyimiz elə biləyimizdə qalır.
Ən pisi isə ondan ibarətdir ki, neçə illərdir, yas mərasimlərini bu şəklə salsaq da, bunun yaxşı hal olmadığı barədə çağırışlar olsa da, yazılar yazılsa da, hələ ki, deyilənləri nə eşidən, nə də əməl edən var. Bəs belə isə biz itirə-itirə haraya gedirik? Nə vaxt papağımızı qarşımıza qoyub fikirləşəcək, əldən gedən adətlərimiz, mentalitetimiz üçün narahat olacağıq.
Toy və yas mərasimlərinin keçirilməsi üçün ictimai fikir, qənaət olmalıdır. Yəni bunu cəmiyyət, insanlar formalaşdırdığı kimi, yeni tətbiq edilənlərin qarşısını da onlar almalıdır. Necə ki, yas mərasimləri ilə bağlı Naxçıvanda naxçıvanlılar tərəfindən qaydalar tamamilə dəyişdirildi. Deməli, başqa bölgələrdə də bunu etmək mümkündür.
Vaxt var idi ki...
Vaxtilə, yəni bütün Azərbaycanda yas mərasimləri toy mərasimlərinə oxşar vəziyyətə gətiriləndə, bu, Naxçıvandan da yan keçməmişdi. Bu bölgəmizdə də yas mərasimlərində açılan süfrələr toy mərasimlərini xatırladırdı. Süfrələrdə necə deyərlər, quş südü əskik olardı. Eynilə digər bölgələrimizdəki kimi. O vaxtlar Naxçıvan mətbuatı bu barədə çox yazırdı. Milli adət-ənənələrimizin pozulmasına ürək yanğısını qələmin dili ilə insanlara çatdırırdı. Lakin hələ ki, insanlar dədə-baba qaydasına qayıtmaq fikrində deyildilər. Bunun da səbəbləri var idi.
Məsələn, maddi imkanları yaxşı olanlar ata-anası dünyasını dəyişəndə həmin onlara dəbdəbəli yas qurur, ehsan süfrəsi açırdı. Sabah isə bir kasıb ailənin əzizi dünyasını dəyişəndə "qonşudan geri qalma" prinsipi işə düşür, bu ailənin imkansız övladı bankdan kredit götürməli olsa da, bu yas mərasimini də həmin zəngin ailənin açdığı süfrəyə bənzətməyə çalışırdı. Beləliklə də bütün cəmiyyət sabahı gün eyni ehsan süfrəsini açmaq məcburiyyətində qalırdı.
Bunun bir sonunun olması isə kimi düşündürməlidir? Əlbəttə ki, ağsaqqalları, din xadimlərini. Onların tövsiyəsi, məsləhəti, xalqa çağırışı olmadan bu işləri sahmana salmaq mümkün deyil. Neçə ki, illər öncə kəndlərimizdə ağsaqqal, ağbirçəklər olardı, bir elin toyu da, yası da onların məsləhəti, yolgöstərənliyi ilə düzülüb-qoşulardı, müasir dövrdə də biz həmin ənənələrə söykənməsək, bir də baxıb görəcəyik ki, bütün dəyələrimiz əlimizdən gedib.
Ağsaqqal olan yerdə Allah var, deyərlər. Ağsaqqal sözü eşidilməyən yerdə isə həmişə pərakəndəlik, hərc-mərclik yaranar. Yarandı da. Elə ki, hər kəs özünün ağsaqqalı, ağbirçəyi oldu, bax, toylarımız da, yaslarımız da bu günə qaldı. Toyların adət-ənənə ritmi pozuldu, yaslara məxsus qaydalar gündən-günə dəyişdi.
Maraqlıdır, yas mərasiminə əzizini itirmiş insanların dərdinə şərik olmağa gedirik, yoxsa yeyib-içməyə? Bax bu sualı özümüz özümüzə versək, cavabı inanıram ki hər kəs üçün aydın olacaq. Biz əlbəttə ki, kiminsə dərdinə şərik, acılı günündə onun təsəllivericisi olmağa çalışırıq. Belə isə dəbdəbəli ehsan süfrələrinə ehtiyac varmı? Axı ağzımızda yas mərasimi deyirik. Burada insanın boğazından bur qurtum suyun neçə keçə bilməsi də illərlə yaranan, lakin cavabı tapılmayan suallar silsiləsindəndir.
Ümumi qaydalar həm insanların, həm də adətlərin xilas yoludur
Yuxarıda da qeyd etdiyim kimi, illər öncə Naxçıvanda da yas mərasimlərində açılan süfrələr eynilə bu gün paytaxtımızda və əksər bölğələrimizdə açılan ehsan süfrələrinin eynisi idi. Lakin zaman-zaman bu məsələ gündəmə gətirildi və buna son qoymağın, ata-baba qaydasının bərpasının zəruri olması insanları narahat etməyə başladı.
Toy və yas mərasimlərinin hər ikisi belədir ki, burada ümumi qaydalar olmasa, kim nə bilir, onu da edəcək, ətrafdakı insanlar da "o belə etdi, mən niyə etməyim?" deyəcək. Məhz buna görə də ümumi qaydalar həm insanların, həm də adətlərin xilas yoludur.
Naxçıvanda da elə edildi. Yas mərasimlərində ehsan süfrələri ilə bağlı ümumi qayda qoyuldu: bir növ xörək, halva, çay, xurma, limon. Yəni bu qayda ilə bir neçə növ xörək, meyvə, çərəz, konfet-şokolad, müxtəlif şirniyyatlar süfrələrdən götürülmüş, ixtisar edilmiş oldu. Maddi imkanı olan da, olmayan da eyni süfrəni açdı. Artıq illərdir ki, bu qayda Naxçıvanda yas mərasimlərində hökm sürür. Ağsaqqalların, din xadimlərinin nəzarəti ilə dəyişməz olaraq qalır.
Bu bir tərəfdən əsrlərdən üzübəri gələn adət-ənənələrimizin qorunmasına xidmət edirsə, digər tərəfdən maddi imkanı çox və az olan insanların hüquqlarının qorunmasına xidmət edir. Kasıb ailələrin banklardan kredit götürüb ehsan verməsinin, sonra da min arşın quyunun dibinə yuvarlanmasının qarşısını alır.
Onu da vurğulamaq yerinə düşər ki, Naxçıvanda nəinki yas mərasimlərinin ehsan süfrəsi qaydaya salınıb, hətta qəbirlərin də müəyyən ölçülər daxilində hazırlanması illər öncədən qüvvədədir. Hər bir qəbir eyni ölçüdə hazırlanır və üzərində qəbirüstü sərdabələrin ucaldılması, qəbir ətrafına hasarların çəkilməsi qadağan edilib. İndi Naxçıvanda hansı qəbiristanlığa getsən, orada bir nizam-qayda görmək mümkündür. Artıq Naxçıvanda illər öncə qəbiristanlıqlardakı varlı-kasıb məsələsi, fərqlilik də aradan qalxıb. Naxçıvanlılar buna "eyniyyət" prinsipi ilə nail olublar.
Hələ Naxçıvanın Mahmudkənd və Camaldın kəndlərində isə...
Şərur rayonunun Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Ötən ilin 10 sentyabrından etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməməsi, əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılması qərarına gəlinib və tətbiqinə başlanılıb. Bu, əlbəttə çox təqdir olunacaq bir qərardır. Biz bunu çoxdan gözləyirdik. Axır ki, Mahmudkənd ağsaqqalları bu qərara gəldi və çoxsaylı kənd əhalisini böyük bir problemdən azad etdilər. Daha doğrusu, əsl yas mərasiminin, süfrəsinin necə olmasını gündəmə gətirdilər.
Daha sonra, yəni ötən ilin oktyabrında isə Naxçıvanın Culfa rayonunun Camaldın kəndində yas mərasimlərində ehsan verilməsini israfçılıq hesab edən, bəzən mərasim üçün bişirilən yemək və halvanın artıq qaldığından narahat olan sakinlər buna son qoymağa qərar verdilər.
İndi Camaldın kəndində də keçirilən yas mərasimlərində yalnız çay süfrəsi olur. Həmçinin yas mərasimlərinin üç, yeddi, qırx və il mərasimlərində də stolun üstündə digər qidalar olmur, yemək verilmir.
Həm Mahmudkənd, həm də Camaldın sakinləri deyir ki, bu qaydalara əməl etməyən hər hansı bir yas sahibinin mərasimində din xadimləri və kənd ictimaiyyəti iştirak etməyəcək.
Budur, bax, qaydalar bu cür tətbiq olunmalıdır: el birliyi, el qərarı ilə. İndi gəl, görək, bu qaydaları kimsə poza bilərmi?
Ağsaqqal sözünə ehtiyacımız var
Yas mərasimlərinin keçirilməsi ilə əlaqəədr Naxçıvan nümunəsi ilə tanış olan hər kəs, bəli, hər bir bölgənin ağsaqqal sözünə, tövsiyəsinə ehtiyacı olduğunu söyləyə bilər. Həm toyların, həm də yasların necə keçirilməsini biz müəyyən etməliyik. Bu, inzibati şəkildə mümkün deyil. İctimai rəylə, qərarla, ağsaqqal sözü, məsləhəti ilə bu qaydaları öz əvvəlki halına qaytara bilərik.
Düşünürəm ki, Azərbaycanın bütün bölgələrində ağsaqqallar, din xadimləri bu məsələyə münasibət bildirməlidir. Onlar Naxçıvan nümunəsindən istifadə etməklə, bu qaydaları öz bölgələrində, şəhər və kəndlərdə də tətbiq etməklə yas mərasimlərinin özünəməxsusluğunu xilas etmiş olarlar.
Sadəcə bir yerə yığışıb, qərar qəbul etmək lazımdır. Ümidvarıq ki, artıq zəhərlənə də bildiyimiz yas mərasimlərinin ehsan süfrələrində dəyişiklik etməyin vaxtı çatmışdır.
Və bəlkə də yas mərasimlərindən sonra toy mərasimlərinə də qayıtmış olarıq. Şad günümüzün rəmzi olan toylara da əvvəlki vüsətini, zəngin adət-ənənələrimizi qaytara bilərik. Bunlar bizim əlimizdədir. Belə isə, nəyi gözləyirik?..
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB