Yeraltı “probka”

Bu şəhərdə yerüstü tıxaca çoxdan alışmışdıq. Elə bu səbəbdən də çox adam avtomobilini yerin üstündə saxlayıb enmişdi yerin altına ki, bəlkə burada tıxacsız bir həyat tapa bilər. Lakin görünən odur ki, bu tıxac bir alın yazısıdır, o da bizlərin alnına həkk olub.

Hər il dərs ili başa çatanda sevincimizin həddi-hüdudu olmur. Çünki tələbələr rayonlara gedir, işləyənlərin məzuniyyət dövrü başlanır. Metroda, ictimai nəqliyyatda da sıxlıq azalır. Həqiqətən də müəyyən qədər azalma, seyrəklik hiss olunur. Bu səbəbdən metroda qatarların gəliş-gediş intervalları da dəyişir. Lakin bu, ta o demək deyil ki, 10 dəqiqəyə yaxın qalasan yerin altında, necə deyərlər, "probka"da. Elə bugünkü kimi...

Deməli, bu gün səhər "İçərişəhər"ə gedən qatar "28 May" stansiyasından çıxanda oraya çatdım. Növbəti, "Dərnəgül" qatarı 4.21 saniyədə stansiyaya daxil oldu. Ardınca növbəti "İçərişəhər" qatarı isə 4.56 saniyədə stansiyaya gəlib çıxa bildi. Mənim kimi qatar gözləyənlər, hələ əvvəl gələnləri, onların eskalatordan enmə dəqiqələrini də nəzərə alsaq, 10 dəqiqədən artıq yerin altında qalmalı oldu. İsti hava da bir tərəfdən camaatı əldən saldı. Demək olar ki, qatarda nəfəs almaq mümkün deyildi.

Sonra nə baş verdi. Artıq mənzilbaşına yubanan insanlar eskalatorla yuxarıya qalxarkən qaçmağa başladılar. Metrodakı tıxacdan, qatarlar arasındakı uzun intervaldan danışdıq, elə söhbətin bu yerində bir qədər də özümüzdən danışaq.

Belə ki, biz bir qayda olaraq bilmədik ki, sağda dayanmalıyıq, sol tərəfi boş saxlamalıyıq. Elə bu gün səhər də belə idi. Qatarlarda yetərincə gecikən insanlar eskalatorla yuxarı qalxarkən sol tərəfdəkilər maneçilik yaratdı. "Ay qardaş, ay bacı, çəkil", "xahiş edirəm, yol verin", "icazə verin" istəkləri bir-birinə qarışdı.

Bir sözlə, camaat qatarlarda itirdiyi vaxtı eskalatorda tənzimləmək istədi, lakin buna nail olmaq heç də asan deyilmiş.

Nə isə... Bugünkü metroda olan vəziyyəti gözlülər olsun, görməsin. Amma təəssüf ki, hər zaman metroda və yerüstü ictimai nəqliyyatda olan problemlərdən danışırıq, lakin hələlik bir faydasını görmürük. Problemin biri bitir, digəri başlayır. Belə qənaətə gəlmək olur ki, bizə rahatlıq yoxdur.

Yaxşı, tətil başladı, qatarların intervalı da artırıldı. Lakin yayın bu qızmar günləri nədənsə nəzərə alınmadı. İstidən nəfəs almağın mümkün olmadığı vaxtda yerin altında 10 dəqiqə gözləməyin nə demək olduğunu anlamaq düşünürəm ki, heç də çətin deyil.

Maraqlıdır, sərnişinlər nə üçün bu qədər yerin altında qalmalıdır? Nə üçün planlı şəkildə evindən çıxıb işə tələdən insanlar düz 8-10 dəqiqə metroda vaxt itirməlidir? 4-5 dəqiqəyədək interval nə deməkdir, həm də ən işlək stansiyalarda...

Yerin üstündəki tıxacdan yaxa qurtarıb metroya ümid gətirənləri də, gündəlik metrodan istifadə edənləri də bu səhərki vəziyyət hövsələdən çıxardı. Lakin çarə nədir? Camaat qaçaqaçla mənzil başına yollandı. Bəs görəsən bu problem adıçəkilən qurumun cavabdehləri tərəfindən fərq edildimi?

Edildisə, gözəl. Deməli, problemin aradan qaldırılacağı ümidilə yaşamaq olar.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə