Harada köməyə ehtiyac varsa, Azərbaycan oradadır

Harada köməyə ehtiyac varsa, Azərbaycan oradadır

Bəli, yardım etmək insanlığın tacıdır. İnsan oğlu hər zaman var olması üçün yardım etməyə borcludur. Çünki təhlükə hər an var. Kimsə də yaranacaq təhlükədən qaça bilməz. Odur ki, istər insanlar, istər xalqlar bir-birinə yardım edərkən, çətinə düşəndə kömək əlini uzadarsa, insan cəmiyyəti yaşaya, var ola bilər.

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis olunub və ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.

BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı "Kanal Otel"də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.

Dünyada qarşıdurma və müharibələr 68 milyondan çox insanın doğma yurdlarından didərgin düşməsinə, evsiz qalmasına səbəb olub. Uşaqlar və kişilər məcburi olaraq silahlı qruplara cəlb edilir, qadınlar təcavüzə və istismara məruz qalırlar. Bütün bunlar isə insanların, xalqların bir-birinə humanitar yardın ehtiyacını yaradır.

Azərbaycan torpaqları da 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalarkən minlərlə soydaşımız ev-eşiyindən didərgin düşdü. Onların hüququ tapdalandı. Bir qərinəyədək olan dövrdə yurd-yuvalarından, ev-eşiklərindən, illərlə diş-dırnaqları ilə qurub-yaratdıqları doğma ocaqlarından didərgin düşməli, çadırlarda, şəraitsiz yerlərdə yaşamağa məcbur oldular. Bütün bunları görən bir xalq kimi, biz həm də dünyada bu işgəncələrə məruz qalan insanları düşünür və onlara hər zaman humanitar yardım göstərməklə yardım etməyi üstün tuturuq.

Vaxtilə biz də qonşu və bir neçə xarici dövlətlərdən humanitar yardım almışıq. Bu gün isə Zəfərli və qüdrətli Azərbaycan harada zəlzələ, təbii fəlakət, müharibə ocağı, təhlükədə olan qadın, uşaq, qoca, çarəsiz insan varsa, oraya yardım etməyi özünə borc bilir. Bu borc kiməsə borclu olmaq deyil, insanlıqdan, humanistlikdən yaranan borcluluq hissidir.

Ötən onilliklərə nəzər salsaq, Azərbaycanın həm canlı qüvvəsinin, humanitar yardımsevərlərinin, həm də maddi yardımlarının dünya ölkələrinin bir çoxunda görmüş olarıq. Beləliklə, harada köməyə ehtiyacı olan varsa, Azərbaycan oradadır.

Elə Beynəlxalq Humanitar Yardım Günü ərəfəsində-avqustun 17-də Azərbaycanın Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün lazımi dəstək göstərməsi və yanğınların söndürülməsi üçün "BE-200ÇS" amfibiya tipli təyyarənin Türkiyəyə göndərməsi dövlətimizin yardımsevərliyinin, həm şad, həm də dar günündə qonşusunun yanında olmasının göstəricisidir.

2022-ci ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı da qonşu və qardaş ölkənin yanında ilk Azərbaycan oldu. Dövlət başçısının göstərişi ilə ölkəmizin Fövqəladə Hallar Nazirliyinin Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına cəlb edilmiş xilasediciləri zəlzələ bölgəsinə yollanmış və qısa zaman ərzində Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ çıxarmış, eyni zamanda dağıntılar altından həm də 691 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişdilər.

2014-cü ildə Əfqanıstanda sel və daşqınlardan əziyyət çəkən əhaliyə Azərbaycan hökuməti tərəfindən ümumilikdə 211 min 500 manat dəyərində birdəfəlik humanitar yardım göndərildi.

2015-ci ilin dekabr ayının 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olmuş, infrastruktura ziyan dəymişdi. Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərildi.

2017-ci ildə Azərbaycan dövləti genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənin yanında oldu və Azərbaycan tərəfindən Donor Konfransı əsnasında bu ölkəyə humanitar yardımın göstərildi.

Artıq bir neçə ildir ki, Ukrayna müharibə şəraitində yaşayır. Azərbaycan dövləti tərəfindən vaxtaşırı Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət yardım edilib.

Azərbaycan həmçinin İran İslam Respublikasında baş verən təbii fəlakətlər zamanı da qonşu dövlətin yanında olub, ayrı-ayrı illərdə zərər çəkən bölgələrə və insanlara humanitar yardım göndərib.

Azərbaycanın göstərdiyi onlarla belə humanitar yardımları sadalamaq olar. Onlardan bir neçəsini qeyd etməklə insan faktorunun humanist dövlətimiz üçün əsas amil olduğunu vurğulamaq istədik.

Humanitar yardım həm də insanlar tərəfindən göstərilir. Yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq üçün köməklərini əsirgəmirlər. Onlar münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını riskə atırlar. Belə ki, ondoyədək 700-dən çox humanitar yardım işçisi ya həlak olub, ya da ölümlə üz-üzə gəlib. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.

Təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son on ildə artıb. Hər il təxminən 211 milyon nəfər təbii fəlakətlərin mənfi təsirinə məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.

Beləliklə, dünyada insan varsa, onların həyatın bəxş etdiyi təbii fəlakətlərdən hər zaman əziyyət çəkəcəkləri gözlənən hadisədir. İnsanların və xalqların bir-birinə yardımı ilə dünyanı yarana biləcək bu kimi çətinliklərdən xilas etmək olar. Odur ki, insan övladı hər zaman yardım etməyə hazır olmalıdır. İstər təklikdə, istər xalq olaraq. Bizim dövlətimiz kimi: harada yardıma ehtiyac varsa, Azərbaycan oradadır, eləcə də azərbaycanlı yardımsevərlər.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə