"Bilirsiniz, bizim cəmiyyətimiz tarix boyu ənənəvi olub. Belə ənənəvi cəmiyyətlərdə kişi mərkəzli patriarxal cəmiyyətlər olur. Yəni kişilər dominant olur, qadınlar onlara nisbətən həmişə ikinci mövqedə dururlar. Bu stereotiplər daha çox məsələn 30-40 il qabaq cəmiyyətimiz üçün daha sərt idi. Amma hesab edirəm ki, müstəqillik qazandıqdan sonra Azərbaycan cəmiyyətinin arxetiplərində, stereotiplərində və mental tərzlərində də dəyişikliklər olub. Artıq cəmiyyətimiz qlobal cəmiyyətə açıqdır, açıq cəmiyyətə inteqrasiya olunuruq və bu cəmiyyətlərdə də biz mədəni, mənəvi mübadilədə oluruq, başqa cəmiyyətlərdən müəyyən şeylər götürürük və həmin cəmiyyətlərə müəyyən şeylər ötürürük. Bu, həm də filmlər, seriallar, xarici səyahətlər nəticəsində baş verir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Üzeyir Şəfiyev sözlərinə belə davam edib: "Güman edirəm ki, bu patriorxal yanaşma ənənəvi cəmiyyət yanaşması ki var, məhz qadın kişinin qulluğunda durmalı, qadın kişiyə xidmət etməlidir kimi yanaşma da zaman-zaman bu stereotiplər əriyəcək və bu düşüncədən biz xilas ola bilərik. Əslində, məsələn ənənəvi, patriorxal cəmiyyət olduğumuza görə əmək bölgüsü belə şəkillənmişdir ki, kişilər çöl işləri, qadınlar da ev işləri ilə məşğuldur. Hətta belə bir yanaşma da vardır, qadınlar kişilərin qulluğunda durmalıdır və yaxud da evdar bir qadın obrazı var idi. Amma hesab edirəm ki bu fərdi məsələdir. Hər ailənin özünün psixoloji düzəni, yanaşması var. Əmək bölgüsü hər ailəyə uyğun dəyişə bilir. Elə ailələr var ki, məsələn orada qadın daha çox funksionaldır, elələri də var ki, kişi daha çox funksionaldır.
Hesab edirəm ki, bu iş bölgüsündə hər kəsin bacarıqlarına və səriştələrinə görə bölgü aparılmalıdır. Burada qarşılıqlı anlaşma və qarşılıqlı gözləmə olmalıdır ki, yəni kimsə kiməsə tabe olmaq, kimisə hansısa bir işə məcbur etmək kimi düşüncədən biz uzaq olmalıyıq. Mədəni, yüksək intellektual səviyyəli bir qarşılıqlı gözləmə mühiti olmalıdır. Ona görə də cəmiyyətdəki stereotiplər dəyişməlidir, cəmiyyətdəki o basma qəlib trafaret yanaşmalar dəyişməlidir. Kişi belə olmalıdır, qadın belə olmalıdır kimi bir imperativ güclü bir məsələn yanaşmalar daha anlayışlı yanaşmalarla əvəz olunmalıdır.
Əlbəttə ki, bizim Azərbaycan cəmiyyətinin çox maraqlı, dəyərli adət-ənənələri var. Burada maraqlı arxetiplər var, ağsaqqal arxetipi, ağbirçək arxetipi, böyük-kiçik məsələləri var. Güman edirəm ki, bu məsələlər sırf ailə daxilində və anlayışla tənzimlənməlidir. Məcbur etmək və zorakılığa əsaslanan tənzimlənmədən biz uzaq olmalıyıq, qarşılıqlı gözləmə prinsipinə əməl etməliyik. Hər kəs öz hüquqlarını, vəzifələrini başa düşməlidir və hər kəs çalışmalıdır ki, ailədə psixoloji iqlim rahat olsun, komfort olsun ki çünki bu ailədə böyüyən uşaq da komfort, psixoloji iqlimdə böyüməlidir ki, o travmasız, stressiz böyüsün və cəmiyyətə, dövlətə faydalı bir şəxs kimi formalaşa bilsin. Yəni, bu baxımdan biz övladlarımıza da ailədə hətta başa salmalıyıq ki, qarşılıqlı gözləmə, qarşılıqlı anlayış, hörmət hisslərini aşılamalıyıq. Sən qızsan, sən oğlansan deyə sərt bir sərhəd də qoymaq düzgün deyil. Amma hesab edirəm ki, bu sərhədlər həfif olsa da olmalıdır. Çünki bizim qızlarımız qız, oğlanlarımız oğlan kimi böyüməlidir. Hətta müdriklərimiz, filosoflarımız, orta əsr düşüncə sahiblərimizdə də bu cür yanaşmalar olurdu. Bu özəllikləri şübhəsiz ki biz qorumalıyıq. Amma bu özəlliklər xəfif olmalıdır, sərt olmamalıdır. Bu sağlam düşüncə səviyyəsində olmalıdır. Biz gözləməliyik ki, qadınlarımızın məsumluğu, iffəti, onların namusu isməti yerində olmalıdır. Eyni zamanda kişilərin də özünün kişi xarakteri də olmalıdır. Ancaq bu heç də o anlama gəlmir ki, qadın kişinin qulluqçusu olmalı, qadın kişiyə itaətkarcasına bir münasibətdə olmalıdır. Qarşılıqlı hörmət və qarşılıqlı anlaşma əsasında belə münasibətlər tənzimlənməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB