Təmtəraqlı mərasimlərin çoxu görüntü xatirinə təşkil olunur - MÜNASİBƏT BİLDİRİLDİ
"Uşağın doğulması ailə həyatında ən xoşbəxt hadisədir. Hər bir cütlüyün bu sevinci doya-doya yaşamağa haqqı var. Sözsüz ki, bu xoşbəxtlikdən ailənin digər üzvlərinə - babalara, nənələrə, əmilərə, dayılara, xalalara, bibilərə, digər qohumlara da pay düşür". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Seymur Verdizadə sözlərinə belə davam edib: "İnsanlar müxtəlif olduğu kimi onların xarakteri, şad və bəd xəbərlərə verdikləri reaksiya da müxtəlif olur. Hərə sevincini bir cür ifadə edir. Yeni doğulmuş uşaqlar xəstəxanadan çıxarılarkən bəzən ifrata varılır. Düşünürəm ki, daha təvazökar davranmaq lazımdır.
Mən uşağa xüsusi diqqət və məhəbbətin tərəfdarıyam. Amma bu, həmin uşaq böyüyüb cəmiyyətdə öz yerini tutana kimi davam etməlidir. Bu gün on minlərlə uşaq valideynlərinin ikisinin, ən yaxşı halda birinin himayəsindən məhrumdur. Əmin olun ki, o uşaqların çoxu xəstəxanadan atəşfəşanlıqla çıxarılıblar. Amma sonradan ərlə arvad arasında nikah pozulduğu üçün uşaqlar başsız qalıb.
Təmtəraqlı mərasimlərin çoxu görüntü xatirinə təşkil olunur. Valideynlər özlərini göstərmək üçün bu cür bahalı qarşılanma mərasimləri düzənləyirlər. Valideynin vəzifəsi özünü başqalarına göstərmək deyil, uşağa qayğı göstərməkdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə