Gizli səsyazma sübut kimi qiymətləndirilir? - AYDINLIQ GƏTİRİLDİ

Gizli səsyazma sübut kimi qiymətləndirilir? - AYDINLIQ GƏTİRİLDİ

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən şəxsi və ailə həyatına müdaxilə yol verilməzdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Xəyalə Məmmədova deyib.

Xəyalə Məmmədova sözlərinə belə davam edib: "Həmin konstitusion normanın məntiqi davamı olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:

− sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;
− sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;
− qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.

Lakin, nəzərə almaq lazımdır ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən biri tərəfindən qeydə alınması və həmin şəxslər arasında yaranan məhkəmə mübahisəsi zamanı sübut kimi istifadə edilməsi mümkündür.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən mübahisə tərəfləri arasında olan danışıqlar öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə