Alimlər hələ insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyib - SƏBƏB NƏDİR?
13 avqust Beynəlxalq Solaxaylar Günü, daha çox sol əlini istifadə edən insanlara həsr olunmuş qeyri-rəsmi bayramdır. SİA xəbər verir ki, araşdırmalara görə, solaxayların sayı orta hesabla əhalinin sayına nisbətən 10,4-10,6% dəyişir. Yəni solaxaylar, dünya əhalisinin təxminən onda biridir. Eyni zamanda, solaxaylıq qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bu bioloji xüsusiyyətin nə ilə əlaqəli olduğu dəqiq məlum deyil. Ancaq "Norman Geschwind" nəzəriyyəsinə görə, testosteron solaxaylığın formalaşmasına cavabdehdir, buna görə də solaxayların faizi kişilər arasında qadınlardan daha yüksəkdir.
Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələləri ilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər.
Hər ilin 13 avqust tarixi dünyada Solaxaylar günü kimi qeyd olunur. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinqlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub. Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib.
Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya "Solaxaylar haqqında qanun layihəsi" də hazırlayıb.
Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.
Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada hətta solaxaylara məhkəməyə müraciət etmək də yasaq edilmişdi.
Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır. Lakin psixoloqun bu iddiası sonradan rədd edilib.
Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir. Lakin hansı genlərin - hələ dəqiq məlum deyil.
Əvvəllər belə hesab edilirdi ki, solaxaylıq pis əlamətdir, solaxaylar o qədər də sağlam adamlar deyillər, onlar epilepsiya və şizofreniya kimi xəstəliklərə sağəllilərdən çox məruz qalırlar. Lakin indi alimlər başqa fikirdədirlər: solaxaylıq patologiya deyil, insan beyninin fəaliyyətinin alternativ variantıdır və problemlərin qeyri-standart həllinə imkan verir.
Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə-rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər. Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər.
Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması həmişə stabil olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir. Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə çalışırlar. Mütəxəssislər deyirlər ki, sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazı yazarkən problemlər yarana bilər.
Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna Dark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama da solaxay siyasətçilər sırasına daxildirlər. Bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin də solaxaydır, Lakin xüsusi xidmət orqanlarının şinelindən çıxmış Putin solaxaylığını gizlədə bilib.
Qeyd edək ki, alimlərin fikrincə, solaxayların say çoxluğu cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Son yüz ildə Böyük Britaniyada solaxayların sayının dörd dəfə artmasını qadınların daha gec yaşlarda ana olması ilə əlaqələndirirlər. Statistikaya görə, belə qadınların dünyaya gətirdikləri uşaqların solaxay olmaq ehtimalı daha çoxdur. London Universitetinin tibb fakültəsinin alimləri bildirirlər ki, solaxayların say çoxluğu riyaziyyat, incəsənət və idman sahəsində istedadların meydana çıxmasına səbəb ola bilər.
Gülnarə Həsənova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB