Naxçıvanda dəyirmi masa keçirilib...

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dəyirmi masanı açan ombudsman Səbinə Əliyeva sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı həyata keçirilən maarifləndirmə işlərindən danışıb, MSK ilə birgə paytaxtda və regionlarda tədbirlər təşkil olunduğunu qeyd edib.

Müvəkkil Səbinə Əliyeva Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, Fəaliyyət Proqramının 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, respublikamızda vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən tədbirlərin, müşahidəçilik institutunun əhəmiyyətini qeyd edib. O, ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, müvəkkilin və təsisatın əməkdaşlarının özlərinin təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində müşahidə aparacaqlarını bildirib.

Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb, MSK və Ombudsman Aparatı tərəfindən birgə təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, habelə görülmüş işlər, eləcə də təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Günay Rzayeva təsisat tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmini ilə bağlı vəziyyətin öyrənilməsi istiqamətində görülən işlər, eləcə də müvafiq dövlət qurumları ilə birgə təşkil olunan maarifləndirmə tədbirləri barədə məlumat verib.

Tədbirdə məruzələr dinlənilib, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan danışılıb.

Yekunda mövzu üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə