İnsanların böyük bir hissəsi müxtəlif yaşlarda yuxuda xoruldayır. Əvvəllər gecə xorultusunun orqanizmin istirahət etməsini və bu zaman bədənin bütün hissələri kimi yumşaq damağın da istirahət etdiyi fikrində idilər. Bu halda yumşaq damaq dilin kökünə yaxınlaşır. Ümumiyyətlə xorultu bir çoxlarını narahat edən və maraqlandıran problemdir. SİA xarici mətbuata istibadən bildirir ki, ən təhlükəli xoruldama tənəffüsdə fasilə şəklində davam edən yüksək səslə xoruldamaqdır. Yüksək səslə xoruldamaq yalnız həmin şəxsin yaxınlarının istirahətinə maneə deyil, eyni zamanda, yuxu zamanı tənəffüsün qısamüddətli dayanması səbəbindən insanın özünü də ciddi narahat edir. Yuxuda davamlı olaraq xoruldamaq digər bir sıra xəstəliklərin göstəricisi ola bilər. Hipertoniya, ürək-damar xəstəlikləri, qalxanabənzər vəzin patologiyası, adenoid (burun və boğazda artıq ət), badamcıqların iltihabı kimi problemlərdən əziyyət çəkən şəxslər adətən yuxuda xoruldayırlar. Xüsusilə, boğazında və ya badamcıqlarında müəyyən xəstəliklər olan şəxslərdə bu proses daha çox müşahidə olunur. Övladlarında yüksək səsli xoruldamaq halı müşahidə edən valideynlər diqqətli olmalıdır. Bu simptomlarla yaşayan uşaqda bir müddət sonra ürəkdə mitral qapaqların pozulması yarana bilər. Böyüklərdə isə bəzən xoruldamaq müəyyən sağlamlıq problemi ilə bağlı olmur. Sonradan qazanılan pis vərdişlər, tütündən və spirtli içkilərdən istifadə xorultu yaradır.
Qeyd edək ki, burun tənəffüsünün pozulması qulaqda eşitmə problemləri yarada bilir. Valideynlər uşaqda xorultunun olması hallarını adenoid halla əlaqələndirirlər. Doğrudur, adenoid xorultuya səbəb olur, lakin həmişə xorultunun səbəbi olmur.
Statistikaya görə, hər 3 adamdan biri xoruldayır. Belə ki, yaşlı insanların 60, gənclərin 15, uşaqların isə 5 faizi xoruldayır. Xoruldamağın əsas səbəblərinə burunla nəfəsalmada çətinlik, badamcıqların iltihabı, bəzi dərmanların qəbulu, artıq çəki, qalxanvari vəzinin funksiyasının pozulması daxildir. Xüsusilə, burunla nəfəsalmada yaranan problemlər xorultuya səbəb olur. Hər 4 xoruldayan insandan birində burunla nəfəsalmada çətinlik var. Allergik rinit, adenoidit, tonzillit, burun çəpərinin əyriliyi, burun polipləri kimi xəstəliklər xorultunu yaradan səbəblər sırasındadır. Bəzən artıq çəki də bu problemi yaradan faktorlardan biridir. Hətta artıq çəki xorultunu 8-12 dəfə artırır. Qırtlağın ətrafında piy toxumalarının artması nəticəsində havanın ötürülməsində məsafə daralır. Nəfəsalmada əzələlər boşalır, nəfəs yollarının divarları bir-birinə yaxınlaşır. Divarlar hərəkətə gəlir və xorultuya bənzər səs yaranır. Belə olan halda çəkini normada saxlamaq və imkan daxilində arıqlamaq lazımdır. Kök insanlarda hətta yuxuda nəfəsin dayanması da müşahidə olunur.
Mütəxəssislərin fikrincə, xorultu infarkt və insultun yaranma ehtimalını yüksəldir. Yuxuda xoruldayan insanların çoxu bu problemlə uzun müddət yaşayır və heç bir diskomfort hiss etmir. Lakin nəzərə alınmalıdır ki, xoruldama nəticəsində qan dövranı pozulması baş verir ki, bu da infarkt və insultun yaranma ehtimalını yüksəldir. Sözügedən problemə kifayət qədər ciddi yanaşmaq lazımdır. Əgər azyaşlı uşaqlarınızda bu hal tez-tez təkrarlanaraq narahatlıq yaradırsa, həkim-pediatrlara və həkim-otorinolarinqoloqlara müraciət etmək lazımdır.
Gülnarə Həsənova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB