"Müasir həyatın tələbləri insanları çox işləməyə vadar edir" - PSİXOLOQ İZAH ETDİ
"Müasir həyatın tələbləri o qədər çoxdur ki, insanlar çox işləməli olurlar. İnsanın işlədikdən sonra yorulması normal prosesdir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, lakin tükənmişlik sindromundan əziyyət çəkmiş insanlarda yorulma həm fiziki, həm duyğusal sahədə olur: "Bu şəxslər sevdikləri iş sahəsində olsalar belə, işləmək istəmirlər, bəzən isə işə belə getmək istəmirlər.
Tükənmişlik sindromu olan insanlarda bir neçə əlamət özünü göstərir. Bu, hər kəsdə də fərqli formada özünü göstərir. Həmin əlamətlərə bunlar daxildir: enerjidə ciddi şəkildə azalma, bitkin, halsız hiss etmək, ciddi iş görməmələrinə baxmayaraq özlərini çox halsız, yorğun hiss edirlər. Yuxuları pozulur, ya çox yatırlar, ya da yata bilmirlər. Yaxud da, işə qarşı diqqətsiz olurlar. Eləsi var ki, işə getmək istəmir. Bu yorğunluq normal yorğunluqdan xroniki olması ilə fərqlənir. Eyni zamanda mənfi düşüncələri artır. Bədbinlik müşahidə olunur, pozitiv ola bilmirlər. Eləsi var ki, aqressivləşir, eləsi də var ki, aqressiv olmasa da içinə qapanır, işdən, gərginlikdən qaçır.
İnsanlar nə qədər işlərini sevsələr də, nə qədər işləmək məcburiyyətində olsalar da, mütləq insanların özünə ayıracağı zaman olmalıdır. İnsanlar istirahətə az da olsa, yer verməlidirlər. Çünki istirahət etmədən, ardıcıl olaraq çalışmaq insanı həm duyğusal, həm də fiziki olaraq çox yorur. İnsan işinə diqqətini verə bilmir. Ən birinci problem isə insanın özünü pis hiss etməsidir. Bu, fiziki yorğunluqdan da əvvəl gəlir. Çünki özünü yaxşı hiss etməyən, yuxusunu doğru-düzgün ala bilməyən, istirahət edə bilməyən insan doğru işləyə də bilməz. Bəzən deyirlər ki, mənim işim elədir ki, mən dayanmadan çalışmalıyam. Başa düşürəm, işin şərtləri belə ola bilər. Amma nə qədər də işin şərtləri ağır, iş rejimi gərgin olsa da, insan bacardığı qədər istirahətinə zaman ayırmalıdır. Çünki istirahət olmadan insanın beynində tormozlanma gedir və enerjidə aşağı düşmə baş verir. Halı olmayan insan da ya işini yarımçıq görəcək, ya da doğru-düzgün işləyə bilməyəcək.
Tükənmişlik sindromunda olan insanlar çox zaman işlərini sonraya saxlayırlar. Onlar beləliklə görürlər ki, halları, həvəsləri yoxdur, o işi saxlayırlar. Hər gün bir az saxlanmış işlər artıq çox böyük problemlərə gətirib çıxarır. Sonra insan onun altından da rahatlıqla qalxa bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB