Ateist birinə Allahın varlığını necə izah edə bilərik? - MÜNASİBƏT BİLDİRİLDİ

"Allaha inanmayan birinə Allahı izah etmək üçün əvvəlcə qarşı tərəfin intellektual səviyyəsini nəzərə almaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, bəzən elə insanlar Allahı inkar edir ki, həqiqətən də, nəyi inkar etdiyini bilmir, bu haqda tədqiqatı yoxdur, ateizm nədir bilmir: "Sadəcə inkar etməklə məşğuldur. Belə insanları başa salmaq çətindir. Çünki onun heç bir sahədə nəyisə idrak etmək qüdrəti yoxdur. Amma elmi səviyyəsi olan, intellektual dünyagörüşü normal olan insana Qurani-Kərim deyir ki, ümumiyyətlə, Allah-təalanı sübut etmək vacib deyil. Çünki Allah-təalada şək ola bilməz. Biz varıqsa, bizi hökmən yaradan var. Dünyanın elə bir ziyalısı, elə bir düşüncəli insanı yoxdur ki, hər hansı bir elektron cihazın usta, zavod, fabriksiz əmələ gəldiyini qəbul etsin. Yaxud, hər hansı bir binanın bənna, ustasız tikildiyini qəbul etsin".

Onun sözlərinə görə, bu gün dünyadakı elmi-texniki inkişaf nəticəsində mobil telefonlardan tutmuş, sosial cihazlara qədər hər şeyin insan elminin məhsulu olduğunu iddia edib fəxr edirik: "Amma bunların hamısını yaradan varlığın, yəni insanın yaradansız əmələ gəldiyini qəbul edirik. Bu, həddindən artıq düşüncəsiz məsələdir. Necə ola bilər ki, adamı heyran qoyan bütün cihazları düzəldən insanı tərifləyək, amma bu insanın orqanizmini düzəldəni qəbul etməyək? Təsadüfən və ya heç nədən əmələ gəldiyini deyək. Bu paradoksal bir şeydir. Odur ki, insan vardırsa, hökmən onu yaradan vardır. Bu məsələni sistematik şəkildə belə izah edirlər. Alimlər yazırlar ki, biz ya qəbul etməliyik ki, özümüz özümüzü yaratmışıq, bu, doğru deyil. Çünki özümüz özümüzü yaratmaq üçün öncədən var olmalı idik. Öncədən özümüz var idiksə, var olanı yenidən yaratmaq olmaz. Öncədən özümüz yox idiksə, özü olmayan başqa bir şeyi necə yarada bilərik?

İkinci variant budur ki, biz qəbul edək ki, bizi biz yaratmamışıq, amma bizim kimi biri yaradıb. Bizim kimi biri dedikdə, yəni özünün yaranması şəraitə, iqlimə, zamana, məkana bağlı, ehtiyacı olan, var olmaq üçün münbit şəraitin olması labüd olan birisi yaradıb. O zaman eyni sual təkrarlanır ki, bəs onu kim yaradıb? Bu da doğru olmur. Yeganə çıxış yolu budur ki, biz qəbul edək ki, bu, hər tərəfdən ehtiyaclı olan varlıqları ehtiyaclı olmayan birisi yaradıb. Başqa çarə qalmır. Yalnız bu halda insan məntiqi duyur, ağlı qane olur. Deməli, ehtiyaclı varlıqları başqa ehtiyaclı varlıqlar yarada bilməz. Çünki onların özlərinin də yaradan ehtiyacı var. Yeganə bu fikir qalır ki, bütün bu varlıqları yaradılmağa ehtiyacı olmayan biri yaradıb. O da Allah-təaladır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə