"Müasir dövrdə "evdə həm kişi, həm də qadın işləməlidir" düşüncəsi formalaşır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Qadınların təhsil və iş hüquqlarının təmin olunması ölkə qanunvericiliyi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, ailədə qadının işləməsi müsbət haldır: "Bu, daha da təşviq olunmalıdır. Çünki qadın da hər hansı peşənin sahibidir, orta ixtisas, yaxud da, ali təhsillidir. Niyə qadın da öz peşəsini yerinə yetirməsin? Düşünürəm ki, qadınların işləməsi müsbət haldır. Digər tərəfdən də hər bir xanımın işləməsi onun ailəsinin maddi təminatına bir dəstəkdir.
Praktikada qarşılaşdığımız hallar ki var, qadınların evdə övladlara baxması, daha çox uşaqlarla məşğul olması, sosial vəzifəni öz üzərlərinə götürməsi kimi, daha çox Azərbaycan xanımları evdə övladlara baxmaq işini öz işi hesab edir. Ailə başçıları, kişilər bir qayda olaraq işləyir, çalışır, qadınlarsa evdə övladlara baxırlar. Qadın işləyərsə, ortaya problem çıxarmı? Bu kontekstdə yanaşsaq, ola bilsin ki, övladlara baxılması ilə bağlı müəyyən problemlər yarana bilər. Amma digər tərəfdən qanunvericilikdə də nəzərdə tutulur ki, qadın yeni körpə dünyaya gətirirsə, ona analıq məzuniyyəti verilir. Bu qanunvericiliklə tənzimlənir. Daha sonrakı yaşlarda bağçalar var, uşaqlar bağçaya verilə bilir, evdə həm qadın, həm də kişi əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Düşünürəm ki, bizim yaşadığımız problem hər bir ailənin övladlarını bağçaya verə bilməməsindədir. Bunun obyektiv səbəbləri ola bilər. Ola bilsin ki, həmin ərazidə normal bağça yoxdur, yaxud, uzaq dağ rayonunda yaşayır, orada bağça yoxdur. Bu baxımdan qadın uşaqlarını uşaq bağçasına vermə imkanına malik deyil, ona görə də məcburən evdə qalıb öz övladlarına baxır. Düşünürəm ki, övladların bağçaya verilməsi bu məsələdə problemin həllinə müsbət təsir edə bilər. Qadın da sərbəst şəkildə öz işini, ixtisasına uyğun işlərdə çalışaraq yerinə yetirə bilər".
"Azərbaycan ailələrində belə bir ənənə halını almış, formalaşmış adətlər var. Qadın bir qayda olaraq evdə uşaqlara baxmalıdır, kişi işləməlidir, ailənin maddi təminatını ödəməlidir. Düşünürəm ki, müasir dövrdə bu düşüncə tərzi daha çox yerini "evdə həm kişi, həm də qadın işləməlidir" düşüncəsinə verəcək. Yəni yeni düşüncə zaman keçdikcə daha dominant olacaqdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB