Yay Olimpiya Oyunlarında siyasi nüanslar. Rusiyaya yox, İsrailə hə TƏHLİL
26 iyul - 10 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Yay Olimpiya Oyunları Fransada sonuncu dəfə 1924 və 1900-cü illərdə keçirilib. Yüz ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunları şəhərin tarixi məkanları ilə müasir idman komplekslərinin qovuşduğu tədbir olacaq. Paris incəsənət, dəb və qastronomiya kimi sahələrdə dünyaca məşhur bir şəhər olmaqla yanaşı, həm də əhəmiyyətli idman mərkəzidir. 2024-cü il Olimpiadası bu zəngin mədəni irsi idman həyəcanı ilə birləşdirərək dünyanın diqqətini cəlb edəcək. Dünyanın hər yerindən fərqli dinləri, fərqli mədəniyyətləri və fərqli etnosları daşıyan idmançılar bir çox yarışlarda birlikdə mübarizə aparacaqlar. Dünyanın hər yerindən tamaşaçılar idmanın xoşməramlı gücü ilə bir araya gələcəklər.
Olimpiadanın siyasi tərəfini ən yaxşı nümayiş etdirən nüans miqrantlardan ibarət olimpiya komandasıdır. 2016-cı ildə Braziliyanın Rio şəhərində keçirilən Olimpiadada ilk dəfə olaraq miqrantlar üçün 10 idmançıdan ibarət komanda formalaşdırılıb. 2020-ci ildə Tokioda 29, nəhayət 2024-cü ildə 37 idmançıdan ibarət Miqrant Olimpiya Komandası təşkil olunub. Onu da qeyd edək ki, bu komandanın loqosunda beş qitəni təmsil edən halqa əvəzinə, ortasında ürək və ətrafında evə gedən yolu göstərən oxlar olan loqo istifadə olunacaq.
Müharibə və zorakılıq kimi bir çox səbəbdən ölkələrini tərk etmək məcburiyyətində qalan istedadlı idmançılar, Miqrant Komandası ilə özlərini və bəlkə də tərk etməli olduqları ölkələri təmsil etmək imkanı əldə edirlər. Komandaya qoşulanların sayının artması təəssüf ki, hər il ölkəsini tərk etməli olanların sayının artdığını göstərir.
2024-cü il Paris Yay Olimpiya Oyunlarında daha bir mühüm hadisə isə yarışmalarda iştirak edəcək qadınların nisbətinin 41%-ə çatması və 100%-ə qədər artmasıdır. Beynəlxalq əhəmiyyətli platformada belə dəyişiklik, gender bərabərliyi məsələsi üçün önəm təşkil edir. Bununla belə, feministlərin fikrincə bir çox qadın hələ də idmanla məşğul olmaqda çətinlik çəkir. Onların fikrincə bunun ən mühüm səbəbi qadınların idman fəaliyyətlərinə sərmayə qoyulmamasıdır.
Digər tərəfdən, İsrail və Rusiyanın Olimpiadadakı iştirak edib-etməməsi də maraqlı mövzulardandır. Beynəlxalq Olimpiya Komitəsi Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın Olimpiadada iştirak hüququnu itirdiyini açıqlayıb. Bu səbəbdən Rusiya idmançıları Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak edəcəklər. Həmçinin Rusiya bayrağı olmayacaq və Rusiyanın dövlət himni səsləndirilməyəcək. Lakin illərdir davam edən və hazırda şiddətini artıran İsrail-Fələstin müharibəsində İsrailə qarşı belə bir münasibətin olmaması Beynəlxalq Olimpiya Komitəsini ikili standartlarla bağlı tənqidlərə məruz qoyur. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax İsrailin Olimpiadada iştirakında heç bir problem olmadığını və İsrail idmançılarının İsrail bayrağı altında yarışacaqlarını açıqlayıb.Tənqidçilərə görə, Beynəlxalq Olimpiya Komitəsinin tətbiq etdiyi bu ikili standart göstərdi ki, onların nəzərində Avropada qətlə yetirilən insanlarla Yaxın Şərqdə öldürülən insanlar eyni dəyərdə deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB