"İnformasiya çirkliliyi, yəni yalan informasiya vermək, böhtan xarakterli informasiya yaymaq, olmayan, təsdiq edilməmiş, təsdiqini tapmamış informasiyanı yaymaqdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.
O bildirib ki, informasiya çirkliliyi həm də manipulyasiya xarakterli informasiya ola bilər: "Bu da əslində bir növ informasiya çirkliliyidir. Yəni biz qeyri-ciddi, əhəmiyyətli olmayan bir xəbəri yalnız manipulyasiya etmək üçün, yalnız xüsusi təbliğat mexanizmi yaratmaq məqsədilə manşetə çıxarırıq. Bu da medianın çirkli oyunlarından biridir.
Psixologiyada bir tezis, termin, bumeranq effekti var. Bumeranq qədim aborigen Avstraliyalıların ixtira etdiyi bir silah idi. Adam silahı atırdı və atdığı silah da geri dönürdü. Buna bumeranq deyirdilər. Bumeranq ifadəsi müxtəlif sahələrdə işlənir, o cümlədən də mediada işlənir.
Mediada bumeranq termini necə işlənir? Əgər bir xəbər portalı, xəbər agentliyi daim yalan informasiya, böhtan xarakterli informasiya yayırsa, bu informasiya agentliyinin xarakteri dəyişir və bir gün söylədiyi yalanlar geri-özünə qayıdır. Onun mahiyyəti, xarakteri dəyişib insanların gözündə yalançı informasiya agentliyi olur. Atdığı daşlar bir növ özünə qayıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə