Naxçıvanda qazilərlə mətbuat işçilərinin görüşü olub

“Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində 22 iyul – Milli Mətbuat Günü ilə bağlı qazilərin media nümayəndələri ilə görüşü olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Birliyin təsisçisi və sədr müavini, Vətən müharibəsi qazisi Əli Əlisoy bildirib ki, mətbuat işçiləri hər zaman şəhid və qazilərin yanında olub. İgid oğullar cəbhədə düşmənə qalib gələndə jurnalistlərdə informasiya cəbhəsində haqq səsimizi dünyaya çatdırıb. Səngərdə şəhid olan jurnalistlərin də, döyüşərək şəhidlik zirvəsinə ucalan əsgərin də şücaəti hər zaman xalqın ürəyində yaşayacaq.

Fatma Şükürlü şəhid ailələrinin yanında olan bütün media nümayəndələrinə təşəkkür edib. Şəhid anası qeyd edib ki, Vətən uğrunda döyüşlərdə dastan yazan oğulları jurnalistlər də məqalələri ilə yaddaşlara yazdılar. Onlar şəhidlərin döyüş yolunu yazıya köçürüb tarixin səhifələrinə qeyd etdilər.

İctimai Televiziyanın (İTV) Naxçıvandakı bölgə müxbiri Qahirə Hüseynova Ulu Öndərin Azərbaycan mətbuatına göstərdiyi qayğıdan bəhs edib. Milli Mətbuatın yaranmasının ildönümünü Vətən müharibəsi qaziləri ilə bir arada qeyd edilməsinin media nümayəndələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldığı dövrdə Ulu Öndər Heydər Əliyev informasiya blokadasının yarılması istiqamətində mühüm addımlar ataraq muxtar respublikanın işğal təhlükəsi ilə üzləşdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla haqq mübarizəmizin beynəlxalq səviyyədə dəstəklənməsinə nail olub. 44 günlük Vətən müharibəsində igid oğullarımız döyüşlərdə qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edəndə arxa cəbhədə ölkəmizin media qurumları informasiya cəbhəsində əzmkarlıq göstərib, əsl həqiqətləri bütün dünyaya çatdırmaq üçün səylə çalışıb. Bu sahədə ən mühüm işi Ali Baş Komandan, Prezident İlham Əliyev çoxsaylı xarici jurnalistə verdiyi müsahibələrlə həyata keçirib.

“Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Anar Tağıyev birliyin üzvlərinə minnətdarlığını bildirib.

Sonda media nümayəndələri birliyin Fəxri fərmanları ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə