İlon Maskın LGBT mövzusunda mövqeyi- Mask Kaliforniyadan niyə çəkilir? TƏHLİL

ABŞ-lı milyarder iş adamı İlon Mask iki ən böyük şirkətinin, kosmik nəqliyyat şirkəti SpaceX və sosial media platforması X-in ofislərini Kaliforniyadan Texasa köçürmək qərarına gəlib. Qərarını sosial mediada açıqlayan Mask Kaliforniya əyalətinin məktəblərdə cinsi kimliklə bağlı tətbiq edəcəyi AB 1955 adlı qanuna istinad edib.

Dünən Kaliforniya qubernatoru Gavin Nevsom tərəfindən imzalanan qanuna görə, ştatın məktəblərindəki müəllimlər, şagirdlərin icazəsi olmadan valideynləri də daxil olmaqla hər hansı digər şəxslə onların cinsi kimliyi haqqında məlumat paylaşmayacaqlar. Qanun təsdiqləndikdən sonra Elon Mask bu qərara “Qabı daşıran son damcı” deyərək ofislərinin köçürülməsi barədə açıqlama verib. Bir il əvvəl də ABŞ-da bu mövzu gündəmdə idi. Belə ki, bir çox tanınmış amerikalı ilə birlikdə Mask, Qubernator Nevsoma qəti şəkildə qarşı çıxmışdı. Onlar iddia edirdi ki, belə qanunlar kütlələri uşaqlarını qorumaq üçün Kaliforniyanı tərk etməyə məcbur edəcək. Onu da qeyd edək ki, Elon Mask Covid məhdudiyyətlərinə cavab olaraq 2021-ci ildə Tesla şirkətinin ofislərini də Texasa köçürmüşdü. O vaxtdan bəri Mask ABŞ-da siyasi məsələlərdə açıq mövqe göstərir və bu barədə tez-tez sahibi olduğu X sosial media platformasında ictimaiyyətə açıqlamalar edir. Bu yaxınlarda ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayan Mask ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasına ayda 45 milyon dollar bağışlayacağını bəyan edib.

Kaliforniya ştatında qüvvədə olacaq yeni qanunun təfərrüatlarına gəlincə, qanun əsasən uşaqların cinsi kimliyi ilə bağlı məktəblərin ailələrə hansı məlumatları verməli olduğunu tənzimləyir. Qanunu dəstəkləyən LGBT hüquqlarını müdafiə edən fəallar, tələbələrin şəxsi toxunulmazlıq hüququna malik olduğunu desələr də, qanuna qarşı çıxanlar “valideynlərin övladlarında baş verən dəyişikliklərlə bağlı məlumat almaq hüququna malik olduğunu” iddia edirlər.

Beləliklə, ailələrin və cəmiyyətin dəyərlərinə hücum edən bu və buna bənzər qanunlara görə, SpaceX öz qərargahını Kaliforniya ştatından Texas ştatına köçürəcək. Görünən odur ki, siyasi fiqur halına gələn Mask mühafizəkar mövqe almaqdadır.

Qubernator Nevsoma gəlincə isə o, ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından çəkilməsindən sonra Baydeni əvəz edə biləcək adlar arasında yer alıb. Onun administrasiyası isə verdikləri qərarı müdafiə edərək qanun layihəsinin siyasətçilərin və məktəb işçilərinin ailə məsələlərinə müdaxilə etmələrinin qarşısını alaraq uşaq-valideyn münasibətlərini qoruduğunu iddia edib.

İlon Maskın tutduğu siyasi mövqeyə gəlincə, onun bu addımı kifayət qədər əks-səda doğurub. Belə ki, bu qərardan sonra ştatın iqtisadi həcminin xeyli düşəcəyi gözlənilir. Qeyd edək ki, SpaceX-in Kaliforniyada 5 mindən çox işçisi var. Bu, ən azından onminlərlə varlı təbəqənin ştatı tərk etməsi deməkdir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə