Sağlığında mirası başqa şəxsə verənin ailəsinə pay düşür? - MÜNASİBƏT BİLDİRİLDİ

Sağlığında mirası başqa şəxsə verənin ailəsinə pay düşür? - MÜNASİBƏT BİLDİRİLDİ

"Vərəsəlik hüququ çox geniş sahədir və Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, vərəsəlik münasibətləri Mülki Məcəllə ilə tənzimlənir: "Mülki Məcəllənin onuncu bölməsi Vərəsəlik hüququnu əhatə edir. Mülki Məcəlləyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

Mirasda məcburi pay Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz.

Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir".

"Bəzən miras qoyan vəfatından öncə bağışlama müqaviləsi ilə əmlakını əvəzsiz özgəninkiləşdirməklə qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Təbii ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusion hüquqlarından biridir. Lakin Mülki Məcəllənin 667-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Həmin maddəyə görə, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 1200-cü maddəsində isə qeyd edilir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qanun bu maddə ilə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan da göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli, həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalıdır.

Həmçinin qeyd edim ki, qanunda məcburi pay almaq hüququndan məhrumetməyə dair norma da müəyyən edilmişdir. Mülki Məcəllənin 1203-cü maddəsinə görə, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə