“PAŞA Holding” və “Trendyol”un dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə iyulun 19-20-də Bakıda “GəncLink” Forumu keçirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Forumun məqsədi innovasiyalara və müasir texnologiyalara marağı olan uşaqları bir araya gətirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, eyni zamanda, uşaqlarda komanda işi, yaradıcılıq, tənqidi düşüncə kimi mühüm bacarıqları inkişaf etdirməkdir.
“GəncLink” Forumunun açılış mərasimində çıxış edən “Nargis” Fondunun İcraçı direktoru Nərmin İbrahimbəyli bu gün tədbirdə “Nargis” komandası olaraq iştirak etməyin çox qürurverici olduğunu bildirib. N.İbrahimbəyli tədbirdə iştirak edən gənclərə uğurlar arzulayıb, onların bu Forumdan çox yaxşı təəssüratlarla ayrılacaqlarına inamını ifadə edib.
“Trendyol” şirkətinin korporativ kommunikasiyalar üzrə rəhbəri (Azərbaycan) Süheylə Cəfərova iki gün ərzində keçiriləcək Forumun burada iştirak edən gənclərin gələcəyinə mühüm töhfə verəcəyini bildirib. O, şirkət tərəfindən Azərbaycanda belə bir tədbirin ilk dəfə təşkil edildiyini, bu cür tədbirlərin və layihələrin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu deyib.
Sonra paneldə çıxış edənlər - Əməkdar jurnalist, “Asan TV və Radio”nun direktoru Emin Musavi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, Süni intellekt üzrə ekspert Maral Qurbanzadə və “Apple” şirkətinin ölkədə rəsmi texniki nümayəndəsi, Startap sahibkar, Telekommunikasiya üzrə ekspert mühəndis Asif İbrahimov gənclərə “GəncLink” Forumunun əhəmiyyəti barədə ümumi məlumat veriblər. Bildirilib ki, bu Forum gənclərin bilik və bacarıqlarının inkişafı üçün mühüm rol oynayacaq, həmçinin gələcək həyatlarında daha yenilikçi, təcrübəli addım atmalarına vəsilə olacaq.
Çıxış edənlər yenilikçi, müasir düşüncəyə malik olan gənclərin hər zaman xəyallarının arxasından getməyi, bilik və bacarıqlarının inkişafı üçün çalışmalarının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, gənclər ölkəmizin həyatında çox vacib rol oynayır. Gənclərin təşəbbüsləri bu gün hər yerdə görünməkdədir.
Paneldə, eyni zamanda, gənclər gələcəklə bağlı arzularını və xəyallarını bölüşüb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib. Sözügedən müəssisələr Sığınacaq və Sosial Reabilitasiya Mərkəzləri, 2 saylı uşaq evi, 1 saylı uşaq evi, 3 saylı uşaq evi, 1 saylı ailə tipli qrup evi, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin Qadın və Uşaq Sığınacağı və "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzidir.
İştirakçıların Forum müddətində transferi “BakuBus” MMC tərəfindən təşkil ediləcək.
Forum çərçivəsində gənc iştirakçılar STEAM və texnologiya sahəsini əhatə edən intensiv vörkşoplara qatılacaqlar. Forum iştirakçıları fərqli qruplara bölünərək mühəndislik, robototexnika və kodlaşdırmaya dair müxtəlif modullar üzrə praktiki məşğələlər vasitəsilə elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini, ilkin mühəndislik bacarıqlarını mənimsəyəcək, müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirəcək, müxtəlif proqramlaşdırma dillərinin tətbiqini öyrənəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə