“Zaminin xəbəri olmadan kreditin verilməsi mümkün deyil“ - AYDINLIQ GƏTİRİLDİ

“Zaminin xəbəri olmadan kreditin verilməsi mümkün deyil“ - AYDINLIQ GƏTİRİLDİ

“Zamin mütləq şəkildə kreditin verilməsində iştirak etməlidir. Kredit götürülən zaman zamin göstərilən şəxs mütləq surətdə banka gedib imza atmalıdır. O, gəlirləri ilə bağlı bəyannamə verməli və kreditin sənədləşdirilməsində iştirak etməlidir. Ümumiyyətlə, zaminin xəbəri olmadan kreditin verilməsi mümkün deyil". Bu sözləri SİA-ya danışan iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspert sözügedən şikayətlərin istisna ola biləcəyini söyləyib: "Bəlkə hansısa bank işçisi öz dostu və ya tanışı olduğu üçün xüsusi yanaşaraq bu addımı atıb. Amma belə halların kütləvi şəkildə baş verməsi mümkün deyil. Sadəcə bəzi istisnalar ola bilər.

Üstəlik, zamin məsələsi telefon zəngi ilə də həll olunmur. Bank kredit götürəndən əlavə əlaqə vasitəsi deyil, zamin istəməlidir. Əgər əlaqə vasitəsi istənilsəydi, ailə üzvlərinin və ya qohumlarının nömrələrini verə bilərdilər. Zaminlər isə bank qanunvericiliyinə əsasən mütləq gedib imza atmalıdırlar. Nəzərə almaq lazımdır ki, zaminin məsuliyyəti olur. Yəni şəxsin özünün razılığı olmadan bank onun üzərində məsuliyyət yarada bilməz".

Mütəxəssis bu halda atılacaq addımlar barəsində də danışıb: "Təkcə bank sahəsində deyil, istənilən sahədə kimsə zamin qoyulursa, mütləq bundan xəbəri olmalıdır. Çünki bu, mülki hüququn təməl prinsiplərindən biridir. Kiminsə buna göz yumması isə qayda pozuntusudur. Bu isə artıq hüquqi məsələdir. Bununla bağlı ya bank tədbir görməlidir, ya da zamin özü məhkəməyə müraciət etməlidir. Buna uyğun olaraq da mülki qanunvericiliyin pozulmasına görə müvafiq tədbirlər görülə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə