"Komfort, yaxud rahatlıq zonası insanın özünü yaxşı, rahat və təhlükəsiz hiss etdiyi sahədir. Bu, insanın hər şeyə çox tanış olduğu, hər şeyi asanlıqla idarə edə bildiyi və risk etmədiyi psixoloji sahədir". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist və yaşam koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, yəni komfort zonası insanın əzbər bildiyi sahədir, amma təəssüf ki, bu sahədə özünüinkişaf, öyrənmə, irəliləmək baş vermir: "Komfort zonası insandan insana dəyişir, fərqli olur. Əgər bir şeyə başlamaq, inkişafa və öyrənməyə əsaslanan bir şey etmək istəyiriksə, rahatlıq zonamızdan çıxmalı, yeniliklərə açıq olmalı, qorxmamalıyıq. Bəzən müşahidə edirik ki, insan işindən heç məmnun deyil, başqa bir işdə, yaxud öz işini qursa, daha uğurlu ola bilər, amma hazırkı işindən razı olmasa da özünə kiçik bir dünya qurub, komfort zonası yaradıb, o kiçik dünyada əslində bədbəxt olsa da özünü aldadır ki, guya xoşbəxtdir, onu dağıtmaqdan qorxur, ehtiyat edir və beləcə məğlub olur. Yaxud sevgisiz bir ailəsi var, əslində bilir ki, xoşbəxt deyil, lakin risq etməkdən qorxur, çəkinir, bu zaman qorxularına bəraət qazandırmaq üçün ənənəvi “nə deyərlər”, “bir az da səbr edim”, “hələ vaxtı deyil, qoy uşaqlar böyüsün” kimi bəhanələr uydurur, əslində isə özü də bilir ki, bu stressli, sevgisiz münasibəti davam etdirdikcə heç bir möcüzə baş verməyəcək, əksinə öz sağlamlığına daha da zərbə vuracaq, buna baxmayaraq ertələməklə vaxtı uzadır".
"Bəs komfort zonasından necə çıxmaq olar?
1. Qərar verin
Komfort zonanızı tərk etmək üçün əvvəlcə qəti qərarlı olmalısınız, çünki bu zona sizi ən kiçik çətinlikdə yenidən özünə çəkə bilər. Təbii ki, həyat enişli-yoxuşludur, komfort zonanızdan çıxdıqdan sonra çətinliklərlə, maneələrlə və uğursuzluqlarla üzləşəcksiniz, tam bu zamanda komfort zonanız sizi geri səsləyəcək və içinizdən bir səs “bəlkə də səhv edirəm, nə qədər gec deyil, bu yoldan geri qayıdım” deyəcək. Bu səs komfort zonanızın səsidir və ona qarşı dayanmaq üçün qətiyyətli olmalısınız.
2. Ertələməyin
Doğru zamanın gəlməsini gözləmək əvəzinə, səhv etməkdən qorxmayın və hərəkətə keçin, çünki təəssüf ki, doğru zamanın nə vaxt olduğunu göstərəcək heç nəyimiz yoxdur. Əks halda, sadəcə olaraq, bəlkə də doğru zamandasınız, lakin siz onu gözləməklə vaxt itirirsiniz. Dil kursuna gedəcəksinizsə, yeni bir kitabı oxumağa başlayacaqsınızsa, yaxud sevgi etirafı edəcəksinizsə, “qoy bunu da edim, sonra, “qoy filan iş olsun sonra” kimi iç səslərinizə qulaq asmayın, onlar komfort zonasının çəkindirən səsləridir, əksinə nə edəcəksinizsə və ya nə etməlisinizsə dərhal edin, əks halda ertələmək artıq vərdiş halına keçə bilər.
3. Uğursuzluğunuzdan təcrübə qazanın
Təbii ki, yaşadığınız hər bir uğursuzluq əhval-ruhiyyənizi aşağı sala bilər və bu bu normal haldır, amma əsas odur ki, daim bu əhval-ruhiyyədə qalmaqdansa, “hər işdə bir xeyir var” prinsipi ilə yanaşaraq uğursuzluğunuzdan nəticə çıxarıb harada səhv etdiyinizi və onu təkrarlamamaq üçün nələr edə biləcəyinizi düşünüb planlaşdırasınız. Unutmayın ki, qarşılaşdığınız hər bir uğursuzluq əslində sizi bu yolda bir az da peşəkar edəcək və uğura yaxınlaşdıracaq.
4. Sizi aşağı çəkən insanlardan uzaq durun
Əhatənizdə öz komfort zonasında qalmağa öyrəşmiş və taleyi ilə barışmış çox insan varsa, gördüyünüz işlərə və verdiyiniz qərarlara mənfi reaksiyaları səbəbindən ətrafınıza çəkdikləri gözəgörünməz sərhədləri aşa bilməyəcəksiniz. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” atalar sözündə olduğu kimi özü komfort zonasından çıxa bilməyən başqasının da çıxmasına əngəl olur. Əsasən də xanımlarda adətən onu aşağı çəkən mütləq ən yaxın rəfiqə qismində yaxınında olur və onu davamlı olaraq bir şeylərdən çəkindirir. Odur ki, etdiyiniz və ya etmək istədiyiniz işlərdə sizi aşağı çəkən və dayandırmaq istəyən insanlardan uzaq durun və məntiqli, qərarlarınıza hörmətlə yanaşan, sizə dəstək olan insanların yanınızda olmasına icazə verin.
5. Daim irəli gedin
Özünüinkişaf və öyrənmək asan və ya sürətli proses deyil. Uğur da qazansanız, uğursuzluğa da düçar olsanız, dayanmayın, düşdüyünüz yerdən qalxın və davam edin, inkişafın və uğurun yeganə yolu dayanmamaq, daim irəli getməkdir. İrəlilədikcə özgüvəniniz də artacaq, özünüzə və edə biləcəyiniz işlərə daha çox inanacaqsınız.
Komfort zonanızdan çıxmaq heç də rahat deyil, ancaq bunu etdikdən sonra əsl azadlığın, xoşbəxtliyin nə olduğunu hiss edəcəksiniz. Ona görə də tərəddüd etməyin və cəsarətli olun, kiməsə sevgi etirafı edəcəksinizsə, yaxud nədənsə peşman olduğunuzu bildirəcəksinizsə, heç kimi dinləməyin, sizi dayandırmaq istəyənlərə, yaxud ertələmək hissinə məğlub olmayın, hansı addımı atacaqsınızsa elə indi atın, kim nə deyirsə desin, bu sizin həyatınızdır, səhvləri də, doğruları da sizindir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB