Şəhid Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib

Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt Tarix Muzeyində tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, telejurnalist Lalə Qəzənfərin təşkilatçılığı, Mədəniyyət Nazirliyi Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və Sumqayıt Tarix Muzeyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə ictimaiyyət və incəsənət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanında Səlimxan Bayramovun məzarını ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Sumqayıt Tarix Muzeyində davam edən tədbirdə öncə Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinə aid məlumatların və əşyaların yer aldığı guşə ziyarət olunub.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Şəhid Səlimxan Bayramovun şərəfli ömür və döyüş yolu barədə məlumat verilib, bununla bağlı videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, 2019-cu ilin oktyabrın 28-də Sumqayıt şəhərindən Vətən keşiyi çəkməyə yollanan Səlimxan Bayramov Qusarda hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi döyüşlərinə qatılan Səlimxan Cəbrayıl, Xocavənd istiqamətlərində gədən döyüşlərdə şücaət göstərib, iki nəfər döyüş yoldaşı ilə erməni postunu ələ keçirib.

Cəmi 22 yaşında adını qəhrəmanların sırasına yazdırmağı bacaran Səlimxan 2020-ci il oktyabrın 19-da Zəngilan istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Tədbirdə çıxış edənlər Tovuz döyüşlərinin dördüncü ildönümü olduğunu xatırladıb, 2020-ci ilin iyulundan başlayan yolun möhtəşəm Zəfərlə yekunlaşdığını bildiriblər. Qeyd olunub ki, general-mayor Polad Həşimovun qisasını almaq üçün ön cəbhəyə axışan Səlimxan kimi qəhrəmanların sayəsində Azərbaycan Ordusu 2020-ci ildə 44 günə ərazi bütövlüyünü bərpa etdi. Ötən il keçirilən və 24 saat davam edən lokal antiterror əməliyyatları nəticəsində isə ərazilərimizin Ermənistan ordusunun tör-töküntülərindən tam təmizləndiyi, erməni separatizminə son qoyulduğu, konstitusiya quruluşumuzun bərpa edildiyi diqqətə çatdırılıb.

Tədbir bədii hissə ilə davam edib, incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Həmçinin şəhidin həyat və döyüş yolunun səhnələşdirildiyi tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin keçirilməsinə Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da dəstək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə